27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş Beynəlxalq konqres öz işinə başlayıb.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra konqres iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konqresin rəsmi açılış hissəsində Azərbaycan Tibb Universitetinin prorektoru, Professor Məlahət Sultan, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev, I Uşaq xəstəlikləri kafedrasının müdiri, Professor Rauf Bəylərov və digər rəsmi şəxslər çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda pediatriya sahəsinin sistemli və dayanıqlı inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi dövründə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, səhiyyə infrastrukturunun möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin yaradılması və mövcud xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu siyasət nəticəsində, xüsusilə ana və uşaq sağlamlığının qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş, pediatriya xidmətinin inkişafı üçün möhkəm təməl formalaşmışdır.
Bildirilib ki, bu strateji xətt hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən ardıcıl islahatlar pediatriya sahəsinin daha da inkişafına, uşaqların sağlam gələcəyinin təmin olunmasına xidmət edir.
Prof. Ənvər Həsənoğlunun, prof. Özgür Kasapçopurun və Prof. Nailə Sultanovanın moderatorluğu ilə başlayan plenar sessiyada Prof. Rauf Bəylərov “Pediatriya: Tarix, irs və gələcəyə baxış”, Atlas Universitesi Tip fakültəsi dekanı, prof. Metin Çetinkaya “Gələcəyin pediatrı – 2035 baxışı: Rəqəmsal, Genetik və Sosial çağırışlar”, akademik Qorelov Aleksandr Vasilyeviç “Respirator virus infeksiyalarının müalicəsində aktual tövsiyələr” və Ə.e.x., prof. Lalə Allahverdiyeva “Pediatriyada azalmayan problem: Xroniki öskürək – Yeni alqoritmlər və Rəqəmsal tətbiqlər” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra konqres öz işini seksiyalarda davam etdirib. Bu seksiyalar akademik, Ə.e.x. Adilə Əvəz qızı Namazovanı 100 illik yubileyinə, professor Amaliya Abdulla qızı Əyyubovanın 90 illik yubileyinə, professor Surxay Novruz oğlu Musayevin 75 illik yubileyinə, Əməkdar elm xadimi, professor Nəsib Cəfər oğlu Quliyevin 75 illik yubileyinə və professor Səfixan Şamil oğlu Həsənovun 70 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, konqresin Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri — Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş ikinci günü 28 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında keçiriləcək. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.