“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi Ağdam rayonunda vətəndaşlar arasında müxtəlif xəstəliklərin erkən aşkarlanması, əhalinin kompleks müayinələrdən keçirilməsi, tibbi konsultasiyaların verilməsi və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması məqsədilə tibbi aksiya keçirib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) ixtisaslaşmış tibb heyəti tərəfindən rayon sakinlərinə yüksək səviyyəli tibbi xidmətlər göstərilib.
Aksiyanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün müntəzəm səyyar tibbi müayinələr təşkil etməklə sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, ağciyər xəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsində əhalini maarifləndirmək, yerli sakinlərə dəstək və peşəkar tibbi yardım göstərməkdir.
Müayinələr institutun xüsusi təchiz olunmuş səyyar klinikasında aparılıb. Modul avadanlıq konsepsiyasına əsaslanan bu mobil klinikalar tam diaqnostik avadanlıq dəsti ilə təchiz olunub və ucqar ərazilərdə belə keyfiyyətli tibbi xidmətin əlçatanlığını təmin edir.
Aksiya çərçivəsində ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya mütəxəssisləri tərəfindən ağciyərin flüoroqrafiyası və roentgen, Elektrokardioqrafiya (EKG), Exokardioqrafiya (ürəyin USM), ümumi ultrasəs müayinəsi (USM), Spirometriya (nəfəs funksiyasının qiymətləndirilməsi) müayinələri, mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinə nəticələrində sağlamlıq problemi aşkarlanan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə sxemləri təyin olunub və lazımi ixtisas həkimlərinə yönləndirmə aparılıb.
Aksiyada 230-dan çox Ağdam sakini müayinədən keçib. Eyni zamanda, iştirakçılara ağciyər xəstəliklərinin risk faktorları, simptomları, erkən aşkarlanmanın əhəmiyyəti və profilaktik tədbirlər barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər rayon və şəhərlərdə də bu cür səyyar müayinə və maarifləndirmə aksiyalarının davam etdirilməsi planlaşdırılır. Belə tədbirlər əhalinin sağlamlığını qorumaq və tibbi xidmətləri ən uzaq kəndlərə qədər çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.