Metrolarda bəzi çantalara əlavə ödəniş tətbiq olunur - QURUMDAN AÇIQLAMA

27 Fevral 2026 15:33 (UTC+04:00)

Metrolarda təhlükəsizlik yoxlama məntəqələrində sərnişinlərin əl yükü rentgen aparatından keçirilir. Ölçü baxımından müəyyən həddən böyük olan yüklərin yoxlanılması əlavə tədbirlər tələb edir və bu halda sərnişinə əlavə ödəniş tətbiq oluna bilər.

SİA-nın sorğusuna cavab olaraq, Bakı Metropoliteni Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən məlumata əsasən, Nazirlər Kabinetinin “Bakı Metropolitenindən istifadə Qaydaları”a əsasən, sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər (Maddə 2.2.)

Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin (Maddə 2.3.). Daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır (Maddə 2.4.).