“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocavənd səfərinin məhz Xocalı soyqırımı gününə təsadüf etməsi rəmzi əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu ,həm soyqırım qurbanlarının xatirəsinə ehtiramın göstəricisi, həm də Azərbaycanın işğal altındakı ərazilərinin bərpası və regionun inkişafına dair dövlət siyasətinin güclü mesajıdır: ”Səfər həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycanın tarixi haqlarını və ədalət uğrunda mübarizəsini bir daha çatdırır. Xocalı Soyqırımı Azərbaycan tarixi üçün həm ağrılı, həm də qanlı hadisədir. Müstəqilliyimizin yenidən bərpası dövründə daxili çəkişmələr və məsuliyyətsiz rəhbərlik nəticəsində Xocalı şəhərinin dinc əhalisi düşmən tərəfindən məhv edilmişdir. Bu hərəkətin məqsədi Azərbaycan xalqını qorxutmaq və Ermənistanın Dağlıq Qarabağla yanaşı digər bölgələr üzərində nəzarəti genişləndirmək idi.
Lakin Azərbaycan xalqı bu təzyiqlərə boyun əymədi və öz suverenliyini bərpa etdi. Ulu Öndərin siyasəti və layiqli davamçısı prezident İlham Əliyevin uğurlu strategiyası, eləcə də xalq-hakimiyyət birliyi sayəsində Vətən müharibəsi zamanı Xocalı faciəsinin qisası alınmışdır.
Bu gün hörmətin ən böyük ifadəsi işğaldan azad olunan ərazilərin bərpası və Xocalıya əhalinin qayıtmasıdır. Cənab Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycan xalqının dünəni, bu günü və gələcəyini dəqiq xarakterizə edir. Bu, sübut edir ki, Azərbaycan həm vuruşmağı, həm də gələcək üçün strateji proqram hazırlamağı bacaran qurucu xalqdır.
Vətən müharibəsinin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə sakinlərin təhlükəsiz qayıdışını təmin etmək və dayanıqlı yaşayışın qurulması idi. Hazırda azad edilmiş bölgələrdə təxminən 70 min sakin yaşayır və ilin sonuna qədər bu rəqəmin 150 minə çatacağı proqnozlaşdırılır. Müasir infrastruktur layihələri həyata keçirilir və beynəlxalq ictimaiyyət Azərbaycanın tarixi həqiqətlərini və hüquqlarını tanımağa məcbur olur
Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan dövlətinə qarşı hər hansı təhdid və qəsd cəzasız qalmayacaq, bu da ölkənin hüquqi və strateji mövqeyinin qorunmasını təmin edir”.