Bali adasında qaçırılan ukraynalı: çimərlikdə parçalanmış cəsəd tapılıb - FOTO

27 Fevral 2026 14:22 (UTC+04:00)

Polis ölən şəxsin qaçırıldığı güman edilən Ukrayna vətəndaşı İqor Komarov ola biləcəyini istisna etmir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bali adasının Gianyar rayonundakı Ketewel çimərliyində parçalanmış insan qalıqları - baş, gövdə hissələri, ayaqlar və daxili orqanlar aşkar edilib. İndoneziyanın Kumparan News nəşrinin 27 fevralda verdiyi məlumata görə, polis Ukrayna vətəndaşı İqor Komarovun qaçırılması ilə əlaqəni araşdırır. Cəsədin çürümə mərhələsində olduğu bildirilir. İlkin məlumatlara görə, ölüm hadisəsi üç gündən çox əvvəl baş verib.İndoneziya polisi bildirib ki, qurbanın qolunda Komarovunkuna bənzər Roma rəqəmləri ilə döymə tapılıb. Hüquq-mühafizə orqanları hazırda qurbanın şəxsiyyətini müəyyən etmək üçün DNT testi aparır. Polis Ukrayna konsulluğu ilə əməkdaşlıq edir. Müqayisə üçün Komarovun anasından DNT nümunəsi artıq toplanıb.Xatırladaq ki, Ukraynalı kriminal avtoritet Sergey Komarovun oğlu İqor Komarov 15 fevralda Balinin cənub-qərbindəki Cimbaran bölgəsində yoxa çıxıb. İddia olunurdu ki, o, Dneprdəki saxta zəng mərkəzləri ilə əlaqəli olub və Rusiya FSB ilə əlaqəli şəkildə çeçenlər onun oğurlanmasında iştirak edə bilər.

Komarovu qaçıranlar onu sosial media vasitəsilə tapa biliblər. Onun sevgilisi, ukraynalı bloqçu Eva Mişalova İnstaqramda geolokasiya məlumatları ilə çoxsaylı fotolar paylaşıb.

Telegram kanalları Komarovun barmaqlarının kəsildiyini və təcavüzə uğradığını bildirib. Onun azad edilməsi üçün valideynlərindən 10 milyon dollarlıq fidyə tələb olunub.