"Böyük Qayıdış böyük uğurla davam edir" - MÖVQE

27 Fevral 2026 13:39 (UTC+04:00)

"Xocavənd şəhəri 1992-ci ildə Erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş Dövlət Suverenliyinin bərpası əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hər il Xocalı soyqırımı ərəfəsində Xocalıya, Xocavəndə səfər edir: "Prezident İlham Əliyev ötən illərdə Xocalı sakinləri ilə görüşdə “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” deyərək bu yöndə dövlətimizin qırılmaz əzmini, güclü iradəsini ifadə etmişdi.

Bu gün Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək. Bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.

“Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Hazırda işğaldan azad olunmuş ərazilərdə 70 mindən çox vətəndaş məskunlaşıb. Proqramın sonunadək isə 150 minə yaxın əhalinin burada məskunlaşması nəzərdə tutulur.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə yanaşı, məşğulluq üçün də şərait yaradılır. Bunun üçün Dövlət Məşğulluq Xidməti tərəfindən Qarabağda məşğulluq üzrə portal açılıb. Peşə təhsili təmin edilir, sahibkarlar üçün vergi azadolmaları və güzəştlər tətbiq edilir. Böyük Qayıdış böyük uğurla davam edir".