"İnsanın təbiətində müəyyən mənada asılılığa meyillilik mövcuddur. Buna görə də hər bir insan həyatında qazandığı vərdişlərə və öyrəndiyi adətlərə xüsusi diqqət yetirməlidir. Çünki bu vərdişlər zamanla onun həyat tərzini, dünyagörüşünü və xarakterini formalaşdırır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, xüsusilə yeniyetməlik və xarakterin formalaşması dövründə insanın düşdüyü mühit, aldığı tərbiyə, yaşadığı mənəvi boşluq və daxili narahatlıqlar çox böyük rol oynayır: "Mənəvi aclıq yaşayan, özünü cəmiyyətdə tapa bilməyən, özgüvən problemi olan gənc çox vaxt özünü təsdiq etmək ehtiyacı hiss edir. Təəssüf ki, bu təsdiq bəzən yanlış istiqamətdə olur.
Məsələn, bəzi yeniyetmələr narkotik və ya nikotin istifadə edən mühitə düşürlər. Orada “böyümək”, “fərqli olmaq”, “cəsarətli görünmək” kimi yanlış düşüncələrlə bu maddələrə yönəlirlər. “Mən artıq böyüyəm”, “mən sərbəstəm”, “mən digərlərindən fərqliyəm” kimi eqo yönümlü fikirlər onları zərərli vərdişlərə sürükləyə bilər. Əslində isə bu, özgüvən çatışmazlığının və daxili boşluğun göstəricisidir.
Bu gün gənclər arasında nikotin və alkoqol istifadəsinin artmasının səbəblərindən biri də məhz özünü təsdiq etmə ehtiyacıdır. Bəzən ailədaxili həddindən artıq sərt nəzarət, bəzən isə tam laqeydlik gənci yanlış istiqamətə yönəldir. Həddindən artıq qadağalar azadlıq hissini boğur, tam nəzarətsizlik isə önəmsizlik hissi yaradır. Hər iki halda yeniyetmə bu boşluğu zərərli maddələrlə doldurmağa çalışa bilər. Unutmaq olmaz ki, hər şeyin norması vacibdir. Hətta su belə həddindən artıq qəbul edildikdə zərərli ola bilər. Ona görə də valideynlər və cəmiyyət balansı qorumalı, övladlara həm sevgi, həm diqqət, həm də sağlam sərhədlər təqdim etməlidirlər.
Digər mühüm məsələ məlumatlılıqdır. Gənclər nikotin, alkoqol və narkotik maddələrin insan orqanizminə verdiyi bioloji və psixoloji zərərlər haqqında dolğun məlumata malik olmalıdırlar. Bu maddələrin beyinə, sinir sisteminə və digər orqanlara vurduğu zərər izah olunmalı, nəticələrinin necə faciəvi ola biləcəyi açıq şəkildə çatdırılmalıdır. Mühit faktoru da son dərəcə önəmlidir. İnsan düşdüyü mühitin təsiri altına tez düşə bilər. Analiz qabiliyyətinin zəif olması və məlumat çatışmazlığı riski daha da artırır. Buna görə də maarifləndirmə işləri gücləndirilməli, cəmiyyət bu məsələyə daha həssas yanaşmalıdır.
Yeniyetməlik dövründə yaranan psixoloji boşluqlar vaxtında düzgün istiqamətləndirilməzsə, bu, alkoqolizmə, narkotik asılılığına və digər zərərli vərdişlərə yol aça bilər. Halbuki düzgün dəstək, sağlam ünsiyyət və məlumatlılıq bu riskləri minimuma endirə bilər. Asılılıq probleminin qarşısını almaq üçün əsas açar - balanslı ailə mühiti, sağlam cəmiyyət və güclü maarifləndirmədir".