"Yeni dünya nizamı real gücə və müstəqil siyasətə əsaslanır" - ŞƏRH EDİLDİ

27 Fevral 2026 13:14 (UTC+04:00)

"Cənab Prezidentin Vaşinqtona səfərinin tarixi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş geosiyasi məkanda güclü aktor kimi qəbul olunur. Prezident İlham Əliyevin oynadığı rola verilən dəyərin göstəricisi olaraq Azərbaycan Sülh Şurasının ilk toplantısına dəvət edildi".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu, ölkəmizin yeni dünya nizamında yerinin artıq müəyyənləşdiyini təsdiqləyən mühüm siyasi hadisədir: "Bu görüş bir daha göstərdi ki, Azərbaycan qlobal təhlükəsizlik gündəmini müəyyənləşdirən qüvvələr arasında təmsil olunur və dünyanın əsas güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq çərçivəsində siyasət yürüdür. Prezidentin Vaşinqtona dəvət olunması, eyni zamanda Azərbaycanın sülh gündəminə sadiqliyinin və bölgədə yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ tərəfindən qəbul edilməsinin təzahürüdür.

Toplantının diqqətçəkən məqamlarından biri də o idi ki, əvvəlki dövrlərdə regional proseslərdə fəal rol oynayan bəzi mərkəzlər bu formatda geniş təmsil olunmadılar. Bu isə onu göstərir ki, yeni dünya nizamı artıq stereotiplər əsasında deyil, real gücə, müstəqil siyasətə və qətiyyətli liderliyə əsaslanaraq formalaşır. Bu liderlər sırasında Azərbaycan Prezidenti də yer alır.

Bu proses həm də Cənubi Qafqazda siyasi gündəliyin Azərbaycanın iştirakı və iradəsi olmadan müəyyən edilə bilməyəcəyini göstərir. ABŞ-ın Cənubi Qafqaza artan marağı da təsadüfi deyil. Region Mərkəzi Asiyaya açılan qapı, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi məkandır. Bu məkanda Azərbaycanın rolu isə əvəzolunmazdır.

Xüsusilə Orta Dəhlizin inkişafı və perspektivdə Zəngəzur dəhlizinin funksional hala gəlməsi qlobal tranzit-kommunikasiya xəritəsində yeni mərhələ yaradacaq. Bu marşrutun açılması Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artıracaq və ölkəmizə əlavə strateji dəyər qazandıracaq. Vaşinqtonda keçirilən sammit diplomatik və siyasi baxımdan rəmzi əhəmiyyət daşıyan addımlarla yadda qaldı. Azərbaycan liderinə göstərilən diqqət və verilən yüksək dəyər bir daha sübut etdi ki, ölkəmiz artıq 21-ci əsrdə güclü və söz sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirib.
Eyni zamanda bu görüşdən sonra Ermənistan-Azərbaycan sülh prosesində müəyyən dinamika müşahidə olunur. Rəsmilər arasında keçirilən görüşlər və verilən müsbət mesajlar sülh gündəliyinin irəliləməsinə xidmət edir. Ümid etmək olar ki, yaxın aylarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaq və bu, ölkəmizin növbəti mühüm diplomatik uğuru kimi tarixə düşəcək".