"Azərbaycan xalqı 34 ildir ki, Xocalı faciəsini anır. Lakin bir fərqlə, bu gün artıq biz bu faciəni göz yaşları ilə deyil, qürurla, ədalətin təntənəsini yaşamaqla anırıq. Cənab Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlər, xalqa ötürdüyü və beynəlxalq auditoriyaya verdiyi mesajlar Azərbaycanın yanaşmasını anlamaq baxımından olduqca aydın və müfəssəl proqram təqdim etdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, dövlət başçımız keçmişə dönərək prosesləri ardıcıllıqla, açıq şəkildə analiz etdi və bildirdi ki, Xocalı faciəsinin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərindədir: "Təbii ki, Azərbaycan artıq elə bir reallıq yaradıb ki, artıq əvvəlki Azərbaycan yoxdur. İndi Azərbaycan sadəcə regionun aparıcı aktoru deyil, həm də dünyada zülmə qarşı savaşan xalqların haqq səsidir.
Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər misilsizdir. Bu istiqamətdə Xocalı sakinlərinin öz acı təcrübələrini paylaşması Azərbaycan xalqını bir daha dərindən sarsıtdı. Sarsdığı qədər, həm də qürurlandırdı. Ona görə ki, biz Zəfərimizin önəmini, Zəfərimizin nəyə, hansı məkirli qüvvələrə qarşı dayandığını bir daha anladıq.
Çünki Müzəffər Ali Baş Komandanımız elə bir reallıq formalaşdırdı ki, bu gün Azərbaycanın qələbəsi bütün dünya üçün nümunədir. Artıq Azərbaycanı təslim etmək, özünə tabe etdirməyə çalışmaq, bunun cəhdi belə mümkünsüzdür. Bu baxımdan Xocalıdan verilən mesajlar tarix dərsi, həm də proqram xarakterlidir.
Sülh qaçılmaz reallığımızdır. Lakin biz tarixi həqiqətləri unutmalı və unutdurmalı deyilik. Bir xüsusi məqam ondan ibarətdir ki, sakinlərin dövlət başçımızla görüşdüyü zaman səsləndirdikləri fikirlər bütün Azərbaycan xalqının düşüncəsi, yanaşması deməkdir.
Məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinə, onun daxili siyasətinə əl uzadanların hər biri uğursuzluğa düçardır, buna da məcbur qalacaqlar. Çünki xalqımız dövlət başçımızın siyasətini dəstəkləyir və “Xocalıya ədalət!” kampaniyası deyə dünyaya car çəkməyə çalışdığımız reallıqların səsi bu gün heç yerdən deyil, məhz Xocalıdan gəlir. Belə bir Müzəffər Liderin ətrafında daha da sıx birləşməliyik".