Milli Məclis hava limanları üçün torpaq alınmasını təsdiqləyib

27 Fevral 2026 12:00 (UTC+04:00)

Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının tikintisi üçün torpaqların alınmasının hüquqi əsası formalaşdırılıb.

SİA xəbər verir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna edilən dəyişiklikdə beynəlxalq aviasiya standartlarının tətbiqi, uçuşların təhlükəsizliyinin təmin olunması, təhlükəsizlik zonalarının yaradılması və yeni uçuş-enmə zolaqlarının tikilməsi məqsədilə torpaqların dövlət ehtiyacları siyahısına daxil edilməsi nəzərdə tutulub.

Dəyişiklik həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə “dəniz limanının ərazisinin artırılması” sözlərinin əlavə olunmasını nəzərdə tutur. Bu, torpaq sahəsinin daha çevik alınmasına və mübahisələrin operativ həllinə imkan verəcək.

Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib və hava limanlarının tikintisi və genişləndirilməsi zamanı torpaq mülkiyyətinin operativ tənzimlənməsinə şərait yaradacaq.