Milli Məclis sığortaolunanların sığortaçıda uçotunun yalnız fərdi identifikasiya nömrəsi (FİN) əsasında aparılmasını təsdiqləyib.
SİA xəbər verir ki, bu barədə məlumat verilib: hazırda sığortaedənlər muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edərkən həm sosial sığorta nömrəsi (SSN), həm də FİN məlumatlarını daxil etməli olur, bu isə əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur.
Qəbulu ilə sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidlik və uyğunluq təmin ediləcək, qurumlar arasında məlumat mübadiləsi asanlaşacaq və e-sistemlərin inteqrasiyası sürətlənəcək. Eyni zamanda, sığortaedənlər işə qəbul zamanı sığortaolunanlardan SSN tələb etməyəcək və ya başqa üsulla sosial sığorta nömrəsini öyrənməli olmayacaqlar.
Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib və Əmək Məcəlləsinə, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara müvafiq dəyişikliklər tətbiq olunacaq.