Yük avtomobili yoldan çıxaraq aşıb

27 Fevral 2026 11:43 (UTC+04:00)

Dünən saat 16 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrliyində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb, sonra yoldan çıxaraq aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

BDYPİ xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırıb: “Unutmayaq, yolda məsuliyyət təkcə özümüzün deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacib şərtdir”,-deyə məlumatda qeyd olunub.