“Heç kim Azərbaycanın səbrini və qətiyyətini sınağa çəkməməlidir” - Ceyhun Məmmədov

27 Fevral 2026 11:04 (UTC+04:00)

“Xalqla hesablaşmayan, ədaləti pozan, zorakılıq və təzyiq yolu seçən qüvvələr müəyyən mərhələdə uğur qazandıqlarını düşünsələr də, heç vaxt haqq yolundan dönən bir millətin iradəsini qıra bilməzlər. Tarix bunu dəfələrlə sübut edib”.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, bu gün dünyada yüzlərlə münaqişə mövcuddur və onların böyük əksəriyyəti hələ də həllini tapmayıb: “Azərbaycan isə nadir dövlətlərdəndir ki, beynəlxalq hüquqa əsaslanaraq torpaqlarını işğaldan azad edib və öz ərazi bütövlüyünü faktiki olaraq bərpa edib. Bu, güclü siyasi iradənin və milli birliyin nəticəsidir”.

Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, revanşist qüvvələr anlamalıdırlar ki, istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq: “Bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Dövlətimizin gücü, ordumuzun qüdrəti və xalqımızın birliyi tamamilə yeni reallıq formalaşdırıb”.

Deputat çıxışında şəhidlərin xatirəsinə də toxunub: “Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş bütün vətən övladlarının, o cümlədən Xocalı şəhidlərinin ruhu qarşısında borcumuz dövlətimizi daha da gücləndirməkdir. Şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaq. Ədalət gec də olsa bərqərar olunur”.

O, son illər Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm addımlar atıldığını, lakin bəzi dairələrin ikili standartlardan çıxış etdiyini də qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın inkişafını qəbul etmək istəməyən qüvvələrin müxtəlif cəhdləri nəticəsiz qalacaq: “Bu gün dünyanın müxtəlif ölkələrinin liderləri Azərbaycan Prezidentinin siyasi liderliyini yüksək qiymətləndirir. Azərbaycan xalqının iradəsi və dövlətin qətiyyəti qarşıya qoyulan bütün strateji hədəflərə çatmağı təmin edir”.

Çıxışının sonunda Ceyhun Məmmədov bildirib ki, Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi öz yolunda inamla irəliləyir.