"Böyük Qayıdış inkişaf strategiyasıdır" - ŞƏRH EDİLDİ

26 Fevral 2026 17:10 (UTC+04:00)

“Böyük Qayıdış” konsepsiyası Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi ən mühüm strateji proqramlardan biridir. Bu siyasət təkcə məcburi köçkünlərin öz doğma torpaqlarına mərhələli şəkildə qaytarılması deyil, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yeni sosial-iqtisadi modelin qurulmasını nəzərdə tutur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu baxımdan “Böyük Qayıdış” həm humanitar, həm iqtisadi, həm də geosiyasi xarakter daşıyan çoxşaxəli dövlət strategiyasıdır: "2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qarşısında iki əsas vəzifə dayanırdı: təhlükəsizliyin təmin edilməsi və dağıdılmış ərazilərin bərpası. “Böyük Qayıdış” məhz bu iki istiqamətin sintezidir. Bir tərəfdən, minalardan təmizləmə, infrastrukturun qurulması, yolların, hava limanlarının, enerji və su xətlərinin çəkilməsi kimi praktiki addımlar atılır; digər tərəfdən isə dayanıqlı məskunlaşma modeli formalaşdırılır. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi göstərir ki, dövlət yalnız bərpa yox, həm də modern inkişaf modeli qurmaq niyyətindədir. Sosial aspektdən yanaşdıqda, bu proses uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların sosial ədalət və tarixi haqqının bərpası kimi qiymətləndirilə bilər. İnsanların öz ata-baba torpaqlarına qayıtması təkcə fiziki məskunlaşma deyil, həm də mənəvi reabilitasiya prosesidir. Dövlət burada mənzil təminatı, məşğulluq proqramları, sosial xidmətlərin təşkili və təhlükəsizlik mexanizmlərinin yaradılması ilə kompleks yanaşma sərgiləyir. Geosiyasi müstəvidə isə “Böyük Qayıdış” Cənubi Qafqazda yeni reallıqların möhkəmləndirilməsi deməkdir. Azad edilmiş ərazilərin sürətli bərpası və iqtisadi dövriyyəyə cəlb olunması regionda Azərbaycanın mövqelərini gücləndirir. Yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivi, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kontekstində, bu ərazilərin strateji əhəmiyyətini artırır. Bu proses regionda uzunmüddətli sabitliyin təmin olunmasına və qarşılıqlı iqtisadi asılılığın formalaşmasına da zəmin yarada bilər.

Eyni zamanda, “Böyük Qayıdış” dövlət idarəçiliyi baxımından yeni institusional yanaşmaların tətbiqini tələb edir. Azad edilmiş ərazilərdə xüsusi nümayəndəlik institutunun yaradılması, planlaşdırmanın mərkəzləşdirilmiş və koordinasiyalı formada həyata keçirilməsi idarəetmədə çevik və nəticəyönümlü modelin formalaşdırıldığını göstərir. Bu isə post-münaqişə dövlət quruculuğunun mühüm elementidir. Ümumilikdə, “Böyük Qayıdış” təkcə keçmişin nəticələrinin aradan qaldırılması deyil, gələcəyin qurulması layihəsidir. Burada əsas məqsəd sadəcə əhalinin geri dönməsi deyil, həmin ərazilərin iqtisadi cəhətdən özünü təmin edən, innovativ və dayanıqlı inkişaf zonalarına çevrilməsidir. Uzunmüddətli perspektivdə bu siyasət həm milli birliyin möhkəmlənməsinə, həm regional əməkdaşlıq imkanlarının genişlənməsinə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edə bilər".