"Açılışı həyata keçirilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi regionlarda peşə təhsilinin yeni mərhələyə keçdiyini göstərən mühüm institusional layihədir. Bu cür mərkəzlərin yaradılması təkcə infrastruktur yenilənməsi deyil, eyni zamanda peşə təhsilinin məzmun və idarəetmə modelinin transformasiyası deməkdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, mərkəzin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi ona daha çevik idarəetmə, əmək bazarının tələblərinə operativ reaksiya və tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından üstünlüklər qazandırır: "Müasir dövrdə peşə təhsili artıq klassik ustalıq modelindən çıxaraq yüksək texnologiyalar, rəqəmsal bacarıqlar və innovativ istehsal prosesləri ilə inteqrasiya olunmalıdır. Burada kibertəhlükəsizlik, kompüter şəbəkələri, proqramlaşdırma, CNC sistemləri, alternativ enerji və elektrik-hibrid avtomobillərin təmiri kimi ixtisasların tədrisi onu göstərir ki, mərkəz gələcəyin əmək bazarını hədəfləyir. Region üçün bunun strateji əhəmiyyəti xüsusilə böyükdür. Lənkəran və ətraf rayonlar kənd təsərrüfatı, turizm və xidmət sektoru üzrə potensiala malikdir. Eyni zamanda, yaşıl enerji və texnoloji xidmət sahələrinin inkişafı regionlarda yeni iş yerləri yaradır. Peşə təhsil müəssisəsinin bu istiqamətlər üzrə kadr hazırlaması gənclərin paytaxta miqrasiyasının azalmasına, yerli iqtisadi aktivliyin artmasına və regionun sosial-iqtisadi dayanıqlığının güclənməsinə xidmət edir. Mərkəzdə dövlət və özəl sektorun əməkdaşlıq mexanizmi xüsusi vurğulanmalıdır. Təxminən 30-a yaxın müəssisə ilə qurulan tərəfdaşlıq modeli dual təhsil prinsipinə uyğun olaraq nəzəri biliklərlə praktiki bacarıqların uzlaşdırılmasına şərait yaradır. İstehsalat təlimləri, ustad dərsləri və real iş mühitində təcrübə imkanları məzunların əmək bazarına inteqrasiyasını sürətləndirir. Bu isə işsizlik səviyyəsinin azaldılması və işəgötürənlərin tələblərinə uyğun kadr təminatı baxımından mühüm nəticələr verir.
Digər mühüm məqam gender balansıdır. 962 tələbədən 385-nin qadın olması onu göstərir ki, peşə təhsili artıq yalnız ənənəvi “kişi peşələri” ilə məhdudlaşmır. Qadınların texniki və innovativ sahələrə cəlb olunması sosial inklüzivliyin artmasına və əmək bazarında daha balanslı iştirakın formalaşmasına şərait yaradır. Müasir laboratoriyalar, istixana kompleksi, avtotəmir və sənaye emalatxanaları, eləcə də təlim-qonaq evi kimi praktik bazaların yaradılması təhsilin istehsalla inteqrasiyasını təmin edir. Bu model göstərir ki, peşə təhsili artıq ikinci dərəcəli seçim deyil, əksinə, iqtisadiyyatın real sektorunu gücləndirən əsas sütunlardan biridir. Ümumilikdə, bu mərkəzin fəaliyyəti regionlarda insan kapitalının inkişafına, qeyri-neft sektorunun gücləndirilməsinə və rəqabətqabiliyyətli milli iqtisadi modelin formalaşmasına töhfə verir. Bu yanaşma uzunmüddətli perspektivdə ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir".