Braziliyada sel fəlakəti nəticəsində 46 nəfər həyatını itirib

26 Fevral 2026 14:46 (UTC+04:00)

Braziliyanın cənub-şərqində yerləşən Minas Gerais ştatında güclü yağışlar nəticəsində çaylar daşaraq küçələri su altında qoyub, torpaq sürüşmələri baş verib.

SİA xarici KİV-ə istinadən məlumat verir ki, bəzi məhəllələr su altında qalıb, iki şəhərdə baş verən sürüşmə zamanı 12 ev sel suları ilə sürüklənib.

Yanğınsöndürmə briqadaları dağıntılar altında qalan insanları xilas etmək üçün intensiv şəkildə fəaliyyət göstərir, könüllülər isə kürəklərlə xilasedicilərə dəstək verir. Xilasetmə əməliyyatları zamanı möcüzəvi anlar da yaşanıb — təxminən 10 yaşlı bir uşaq iki saat davam edən axtarışlardan sonra dağıntılar altından sağ çıxarılıb.

Minas Gerais ştatının vitse-qubernatoru Mateus Simões yağıntıların cümə gününə qədər davam edə biləcəyini bildirib və əhalini yamac ərazilərindən və riskli zonalardan uzaq duraraq təhlükəsiz yerlərə sığınmağa çağırıb.

Juiz de Fora şəhərinin meri yağıntının rekord səviyyəyə çatdığını, bəzi ərazilərin isə xarici əlaqədən təcrid olunduğunu açıqlayıb. Hazırda bölgədən təxminən 3 min nəfər təxliyə edilib və onlara müvəqqəti sığınacaq təmin olunur.

Braziliya Prezidenti Luiz Inácio Lula da Silva sosial şəbəkə hesabında paylaşdığı açıqlamada zərərçəkən əhaliyə humanitar yardım və əsas xidmətlərin göstəriləcəyini bildirib.

Mütəxəssislər qeyd edir ki, son illərdə Braziliyada müşahidə olunan sel, quraqlıq və ekstremal hava hadisələri iqlim böhranı ilə əlaqəlidir. Xatırladaq ki, 2024-cü ildə ölkənin cənubunda baş verən güclü sel fəlakəti zamanı 200-dən çox insan həyatını itirmişdi.