Xocalı xalqımızın qürur və kədərinin simvoludur

26 Fevral 2026 11:58 (UTC+04:00)

Xocalı sadəcə bir şəhərin adı deyil. Xocalı Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir fəryad, susmayan bir haray, əsrlər boyu unudulmayacaq bir acıdır. 1992-ci ilin fevralın 26-na keçən gecə insanlıq bütün dəyərlərini itirdi, körpələrin səsi güllə səslərinə qarışdı, anaların harayı qarlı gecənin sükutunu parçaladı.

O gecə Xocalıda yalnız insanlar öldürülmədi , ümidlər, uşaqlıq xatirələri, ailə ocaqları, gələcək arzular da məhv edildi. Günahsız insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilməsi tarixdə silinməz iz qoydu. Qar üzərində donmuş ayaq izləri, yarımçıq qalan oyuncaqlar, anaların qucağında susan körpələr bu faciənin ən ağır şahidlərinə çevrildi.

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır. Bu yaddaş zaman keçdikcə zəifləməyən, əksinə hər nəsildə daha güclü hiss olunan milli ağrıdır. Çünki Xocalı yalnız keçmiş deyil, o, bu günümüzdə yaşayan xatirə, sabaha ötürülən məsuliyyətdir. Hər fevral ayında qəlblərimiz yenidən həmin qarlı gecəyə qayıdır, hər azərbaycanlı sanki o harayı yenidən eşidir.

Xocalının harayı dünyanın vicdanına ünvanlanmış bir çağırışdır. İnsan hüquqlarından danışan, ədalət və humanizm prinsiplərini müdafiə etdiyini deyən beynəlxalq ictimaiyyət üçün bu faciə sınaq oldu. Amma Xocalı göstərdi ki, bəzən dünya susur, ədalət gecikir, amma xalqın yaddaşı heç vaxt susmur.

Bu faciə Azərbaycan xalqını sındırmadı, əksinə bir millət kimi daha da birləşdirdi. Şəhidlərin qanı torpaqla qarışaraq Vətən sevgisini daha müqəddəs etdi. Xocalıdan yüksələn haray illər boyu davam edən mübarizənin, haqq savaşının simvoluna çevrildi.

Bu gün Xocalını anmaq yalnız yas tutmaq deyil, həqiqəti yaşatmaqdır. Çünki unutmaq ikinci dəfə itirmək deməkdir. Xocalı yaddaşımızda yaşadıqca, şəhidlərin ruhu da yaşayacaq, ədalət uğrunda səslənən haray heç vaxt sönməyəcək.

Xocalı - qan yaddaşımızın sönməyən harayıdır. O haray ki, hər azərbaycanlının ürəyində döyünür, hər nəsilə bir vəsiyyət kimi ötürülür: unutma, unutdurma, yaşat.