“Plastik və estetik cərrahiyyə sahəsində fəaliyyət göstərən 45 həkimin rəsmi icazəsi var” - Rəsmi

26 Fevral 2026 10:35 (UTC+04:00)

Hazırda Azərbaycan Respublikasında plastik və estetik əməliyyatları icra etmək üçün rəsmi icazəsi olan 45 nəfər həkim mövcuddur və onların siyahısı açıq şəkildə dərc olunub.

SİA xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu say ildən-ilə artacaq. Onun sözlərinə görə, rezidenturanı bitirən yeni mütəxəssislər, eləcə də xaricdə təhsil alaraq ölkəyə qayıdan həkimlər fəaliyyətə başlayırlar.

Məlumata görə, ölkədə plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki əsas mərkəz formalaşdırılıb. Bunlardan biri Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir. Burada xüsusi şöbə yaradılıb, tam kadr təminatı həyata keçirilib və mərkəz ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Digər mərkəz isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan plastik və rekonstruktiv cərrahiyyə klinikasıdır. Klinikada əsaslı təmir işləri aparılıb və yaxın günlərdə açılışının keçirilməsi nəzərdə tutulur.

Nazir vurğulayıb ki, bu mərkəzlərin yaradılması həm kadr hazırlığı, həm də xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məqsəd vətəndaşlara təhlükəsiz, standartlara uyğun və yüksək səviyyəli tibbi xidmət göstərməkdir.