“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə birlikdə, Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı sistemli və məqsədyönlü soyqırımı həyata keçirmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı bildirib.
O bildirib ki, bu faciə nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, 1 275 nəfər əsir götürülmüş və 150 nəfərin taleyi hələ də məlum deyil: “Səkkiz ailə tamamilə məhv olmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir:
Xocalı faciəsi yalnız milli səviyyədə deyil, həm də bəşəriyyət və sivilizasiyaya qarşı törədilmiş cinayət kimi qiymətləndirilir. Hadisələrin miqyası, tətbiq olunan metodlar və hədəf seçilmiş əhali qrupu bu soyqırımı aktını dünya tarixində ən ağır insanlığa qarşı cinayətlərdən birinə çevirir.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan fəal diplomatik siyasət nəticəsində sistemli xarakter almışdır. Bu diplomatik təşəbbüslər çərçivəsində, xüsusilə Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyaları geniş miqyaslı olmuşdur. Fondun vitse-prezidenti Leyla Əliyevanin təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası, soyqırımı haqqında faktların dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Nəticədə bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və insanlığa qarşı cinayət kimi tanımışdır.
Azərbaycan cəmiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir və onların ruhuna dualar oxuyur. Bu faciənin bir daha təkrarlanmaması və dünya ictimaiyyətinə çatdırılması tarixi və hüquqi məsuliyyət kimi önəmlidir.
Bugün isə Xocalı şəhəri azaddır və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bayrağı burada ucaldılmışdır. Bu, həm tarixi ədalətin bərpası, həm də şəhidlərin xatirəsinə verilən ən böyük ehtiram kimi qiymətləndirilir”.