Kartof bazarında qiymət artımının əsas səbəbi satış mexanizmləridir -EKSPERT DANIŞDI

25 Fevral 2026 17:00 (UTC+04:00)

“Azərbaycanda kartof istehsalı ölkənin daxili tələbatını tam şəkildə ödəmək potensialına malikdir”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, İqlim şəraiti və aqrotexniki imkanlar ildə iki dəfə məhsul əldə etməyə şərait yaratsa da, sahədə əsas problem istehsal həcminin azlığı deyil, məhsulun saxlanılması və satış mexanizmlərinin yetərincə inkişaf etməməsidir:

”Saxlanc anbarlarının məhdudluğu fermerləri məhsulu uzun müddət qoruyub bazarda optimal qiymət formalaşmasını gözləmək imkanından məhrum edir və onları məhsulu qısa müddətdə satışa çıxarmağa məcbur edir.

Fermerlər üçün satış istiqamətləri əsasən daxili və xarici bazarlar arasında bölünür. Xarici bazarlara, xüsusilə Rusiya istiqamətinə ixrac müəyyən iqtisadi üstünlüklər yaratsa da, logistika xərcləri, laborator analizlər, qida təhlükəsizliyi və fitosanitar sertifikatların alınması, eləcə də gömrük prosedurları əlavə maliyyə yükü formalaşdırır. Mövsüm dövründə müxtəlif ölkələrdən eyni bazara məhsul axınının artması isə tələb-təklif balansını dəyişərək qiymətlərin aşağı düşməsinə səbəb olur və fermer gəlirliliyini azaldır.

Daxili bazarda qiymət formalaşması daha mürəkkəb iqtisadi zəncir üzərində qurulur. Məhsul fermerdən toplayıcıya ötürülür, daşınma və müvəqqəti saxlanma mərhələlərindən keçir, bazara çıxış üçün müxtəlif rüsum və icarə haqları ödənilir. Satış zəncirinin uzanması nəticəsində məhsulun maya dəyəri artır və son istehlakçıya çatana qədər qiymət yüksəlir. Bu isə həm fermerin qazanc imkanlarını məhdudlaşdırır, həm də istehlakçı üçün əlçatanlığı azaldır.

Keçmiş dövrlərdə təşkil olunan kənd təsərrüfatı yarmarkaları satış zəncirinin qısaldılması baxımından effektiv mexanizm kimi çıxış edirdi. Fermerlərin məhsulu birbaşa istehlakçıya təqdim etməsi vasitəçilərin sayını azaldır, bazarda daha sabit və münasib qiymətlərin formalaşmasına şərait yaradırdı. Bu mexanizmlərin zəifləməsi hazırda daxili bazarda qiymətlərin artmasına təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər.

Müasir aqrar siyasətdə əsas məqsəd bazar tənzimləmələrinin əhalinin alıcılıq qabiliyyəti və kənd təsərrüfatı sektorunun spesifik xüsusiyyətləri nəzərə alınmaqla qurulmasıdır. Kartof istehsalına tətbiq olunan inzibati və maliyyə tələblərin yüksək riskli sənaye sahələri ilə eyni səviyyədə olması məhsulun maya dəyərini süni şəkildə artırır. Keyfiyyət və təhlükəsizlik standartlarının qorunması vacib olsa da, tənzimləmə mexanizmlərinin daha çevik və rasional olması aqrar sektorun dayanıqlı inkişafı üçün mühüm şərt hesab edilir.

Mövcud vəziyyət göstərir ki, problem istehsal çatışmazlığından deyil, satış və paylama sistemlərinin səmərəliliyindən qaynaqlanır. Saxlanc infrastrukturunun genişləndirilməsi, satış zəncirinin optimallaşdırılması və bazar mexanizmlərinin təkmilləşdirilməsi həm fermerlərin iqtisadi dayanıqlığını gücləndirə, həm də istehlakçıların məhsulu daha münasib qiymətlə əldə etməsinə imkan yarada bilər”.