"Hazırda Azərbaycanda ali və orta ixtisas təhsilindən daha çox texniki peşə məktəblərinə və yüksək peşə liseylərinə diqqət artırılıb".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1).jpg)
Onun sözlərinə görə, xüsusilə əmək bazarının tələbatı nəzərə alınaraq bu istiqamətdə real nəticələr görünür: "Peşə təhsili alan gənclər ali təhsil məzunları ilə müqayisədə daha tez iş tapmaq imkanı əldə edirlər.
Məsələn, Bərdə, Lənkəran və Qəbələ regionlarında, eləcə də Bakı şəhərində fəaliyyət göstərən bəzi texniki peşə liseylərində əmək bazarının ehtiyac duyduğu ixtisaslar üzrə kadrlar hazırlanır. Bu müəssisələrdə oxuyanlar praktiki bacarıqlara yiyələndikləri üçün məzun olduqdan sonra daha çevik şəkildə işlə təmin olunurlar.
Son illərdə peşə təhsilinə marağın artmasının səbəblərindən biri də maddi stimulların yüksəlməsidir. Artıq bəzi ixtisaslar üzrə təhsil alanlara aylıq təqaüdlər verilir və müəyyən proqramlarda illik ödəniş müqabilində, məsələn, təxminən 5000 manat civarında olan ixtisaslarda, qısa müddətdə konkret peşəyə yiyələnmək mümkündür. Bu isə həm vaxt baxımından sərfəlidir, həm də əmək bazarına daha tez inteqrasiyanı təmin edir.
Bu baxımdan düşünmürəm ki, ali təhsilə diqqət azalır. Sadəcə olaraq, peşə təhsili daha cəlbedici və praktik alternativ kimi ön plana çıxır. Müasir dövrdə əmək bazarı diplomdan çox bacarıq və praktik bilik tələb edir və texniki peşə liseyləri də məhz bu boşluğu doldurmağa çalışır".