Əmək Məcəlləsinə dəyişiklik minimum əmək haqqının illik qiymətləndirilməsini təmin edir -İQTİSADÇI DANIŞDI

25 Fevral 2026 13:00 (UTC+04:00)

“Əmək qanunvericiliyinin təkmilləşdirilməsi sosial-iqtisadi inkişafın mühüm istiqamətlərindən biri hesab olunur”.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən son dəyişikliklər də məhz bu məqsədə xidmət edir və ölkənin həm daxili əmək münasibətlərinin modernləşdirilməsi, həm də beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

”Müasir dövrdə əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və əməkhaqqı siyasətinin şəffaf şəkildə tənzimlənməsi dövlətlərin iqtisadi rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir.

Qanunvericiliyə edilən dəyişiklik zərurətdən irəli gəlmiş addım kimi qiymətləndirilə bilər. Çünki qlobal iqtisadi proseslər, inflyasiya səviyyəsində baş verən dəyişikliklər, əmək bazarındakı dinamiklik və əhalinin sosial rifahının qorunması dövlət siyasətində yeni yanaşmaların tətbiqini tələb edir. Bu dəyişiklik bir tərəfdən iqtisadi idarəetmənin institusional əsaslarını gücləndirir, digər tərəfdən isə vətəndaşların sosial təminat imkanlarını genişləndirir.

Xüsusilə minimum əmək haqqı ilə bağlı mexanizmin yenilənməsi sosial siyasətin mühüm elementlərindən biri kimi diqqət çəkir. Qanunvericilikdə nəzərdə tutulan yeni yanaşmaya əsasən, minimum əmək haqqına hər il ən azı bir dəfə baxılması zəruri prosedur kimi müəyyən edilir. Bu, faktiki olaraq əməkhaqqı siyasətinin sistemli və davamlı şəkildə qiymətləndirilməsinə hüquqi zəmin yaradır. Beləliklə, minimum əmək haqqının artırılması artıq təsadüfi qərarlardan deyil, iqtisadi göstəricilərin kompleks təhlilindən asılı olacaqdır.

Hər il aparılacaq qiymətləndirmə prosesi zamanı inflyasiya səviyyəsi, iqtisadi artım tempi, əmək məhsuldarlığı, əhalinin gəlirləri, sosial rifah göstəriciləri və digər makroiqtisadi amillər nəzərə alınacaqdır. Bu yanaşma əməkhaqqı siyasətində balansın qorunmasına, həm işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, həm də biznes mühitinin sabitliyinin təmin edilməsinə xidmət edir. Nəticədə qərar qəbul etmə prosesi daha əsaslandırılmış, şəffaf və iqtisadi reallıqlara uyğun şəkildə həyata keçiriləcəkdir.

Minimum əmək haqqının indeksasiyası mexanizminin tətbiqi xüsusilə mühüm sosial nəticələr vəd edir. İnflyasiya şəraitində əmək gəlirlərinin real dəyərinin qorunması əhalinin alıcılıq qabiliyyətinin saxlanılmasına, sosial bərabərsizliyin azalmasına və iqtisadi aktivliyin stimullaşdırılmasına səbəb olur. Bu baxımdan, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər əmək bazarında sosial ədalət prinsipinin daha güclü şəkildə təmin olunmasına yönəlmiş addım kimi dəyərləndirilə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, belə islahatlar Azərbaycanın beynəlxalq iqtisadi və sosial reytinqlərdə mövqeyinə də müsbət təsir göstərir. Beynəlxalq təşkilatlar əmək hüquqlarının qorunması, əməkhaqqı siyasətinin şəffaflığı və sosial müdafiə sistemlərinin effektivliyini dövlətlərin inkişaf göstəricilərindən biri kimi qiymətləndirirlər. Bu səbəbdən Əmək Məcəlləsinə edilən dəyişikliklər ölkənin investisiya cəlbediciliyinin artırılmasına və beynəlxalq əmək standartlarına uyğunlaşmasına da xidmət edir.

Minimum əmək haqqına hər il baxılması mexanizminin tətbiqi sosial rifahın qorunması, iqtisadi sabitliyin möhkəmləndirilməsi və əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addım hesab olunur. Gözlənilir ki, gələcək illərdə iqtisadi göstəricilərə uyğun şəkildə həyata keçiriləcək indeksasiya prosesi vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə və sosial-iqtisadi inkişafın davamlı xarakter almasına töhfə verəcəkdir”.