Fevralın 25-də Ankarada Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər?” kitabının türk dilində nəşrinin təqdimatı olub.
SİA xəbər verir ki, təqdimat Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr idarəsinin konfrans zalında keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi çərçivəsində keçirilib.
Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə baş tutan tədbir TBMM-nin himayəsi və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil olunub.
Müəllif, Xocalı soyqırımının şahidi, yazıçı-publisist Səriyyə Müslümqızı bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gəncin acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs edir.
“Xocalıda qətlə yetirilən qadınlardan birisi də mənim anam idi. Ümumilikdə 51 qohumumu itirmişəm. Mülkü əhalini şəhərdən çıxarmaq üçün silaha sarılan Milli Ordunun bir qrup əsgəri mühasirəyə düşür və yanlarındakı dinc sakinləri xilas etmək üçün təslim olurlar. Onları işgəncə ilə qətlə yetiriblər”, - deyən S. Müslümqızı qeyd edib ki, Xocalıda itkin düşən bu 13 nəfərdən 5-nin nəşi bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə bu günədək məlum deyil.
S. Müslümqızı təkcə bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın xüsusi amansızlıqla qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırıb.
O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə xocalılıların doğma yurdlarına qayıdaraq tarixi torpaqlarında yaşamağa başladıqlarını diqqətə çatdırıb.
“Tariximizin qanlı səhifəsi olan bu faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması mühüm əhəmiyyət daşıyır”,- deyə yazıçı-publisist vurğulayıb.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə vəsaiti hesabına çap olunub.