"Turizm iqtisadiyyata və həyat tərzinə birbaşa təsir göstərir" - EKSPERT

25 Fevral 2026 10:54 (UTC+04:00)

"Turizmin inkişafı və turistlərin ölkəyə səfər etməsi həm iqtisadiyyata, həm də ənənəvi həyat tərzinə birbaşa təsir göstərir. Müxtəlif ölkələrdən, fərqli mədəniyyətə mənsub qonaqların ölkəmizə gəlməsi sosial münasibətlərdə yeni ünsiyyət formalarının yaranmasına, xidmət sektorunda keyfiyyət standartlarının yüksəlməsinə və uzunmüddətli mədəni mübadilənin formalaşmasına səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Bu proses nəticəsində cəmiyyət daha açıq və tolerant mühitə doğru inkişaf edir, qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları genişlənir.

Yerli əhalinin turizmin inkişafına təsiri əsasən müsbət yöndə özünü göstərir. Xarici dillərin öyrənilməsi zərurətə çevrilir, bu isə insanların bilik və bacarıqlarının artmasına, dünyagörüşünün genişlənməsinə şərait yaradır. Eyni zamanda turizm yeni iş yerlərinin açılmasına, kiçik və orta sahibkarlığın inkişafına, ailə büdcələrinin güclənməsinə imkan verir. Müxtəlif ölkələrin mədəniyyəti və sakinləri ilə tanışlıq isə yerli əhalidə fərqli dəyərlərə hörmət hissini formalaşdırır, mədəni inteqrasiyanı sürətləndirir.

Turizm sahəsi hərtərəfli şəkildə öz müsbət töhfələrini verir və ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, düzgün planlaşdırma və effektiv idarəetmə aparılmadıqda müəyyən mənfi təsirlər yarana bilər. Bu isə əsasən infrastrukturun həddindən artıq yüklənməsi, ekoloji tarazlığın pozulması və qiymət artımı kimi problemlərlə özünü göstərə bilər. Belə halların qarşısının alınması isə sənaye və dövlət sektoru nümayəndələrinin məsuliyyətli və koordinasiyalı fəaliyyəti ilə mümkün olur".