Azərbaycan çempionatının tarixində 250-ci avtoqol qeydə alınıb

25 Fevral 2026 10:37 (UTC+04:00)

Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol qeydə alınıb.

SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XIV turun "Qəbələ" – "Turan Tovuz" matçında reallaşıb.

Görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.

İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir "Şirvan"ının futbolçusu Vahid Mahmudov "Kürmük"lə səfər görüşündə (0:6) "fərqlənib".

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Qeyd edək ki, 2022/2023 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/1994 mövsümündə belə qol qeydə alınmayıb.