“Azərbaycan xalqı 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə erməni işğalçı qüvvələrinin törətdiyi cinayətlərə layiqli cavab versə də, 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ölkənin suverenliyinin tam bərpası baxımından həlledici mərhələ oldu”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, Şanlı Azərbaycan Ordusu bu əməliyyat nəticəsində Xocalı soyqırımını törədən erməni separatizminə və faşist ideologiyasına son qoyaraq həmin qüvvələri tarix səhnəsindən sildi:
“Bu gün həmin cinayətlərin təşkilatçılarının bir qismi Azərbaycan məhkəmələri qarşısında cavab verir və ədalət prinsipi bərpa olunur.
Xocalıya qayıdış Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, güclü diplomatiyasının və milli iradənin təntənəsi kimi qiymətləndirilir. İşğalçı müharibələr bəşəriyyət üçün ən ağır faciələrdən biri hesab olunur və soyqırımlar insanlıq tarixində sağalmayan yaralar kimi qalır. Bu baxımdan Xocalı faciəsi də miqyasına və qəddarlığına görə Holokost və Xatın kimi dünya tarixində iz qoymuş faciələrlə müqayisə edilir. Xocalı hadisələri təsadüfi deyil, erməni millətçi dairələrinin uzun illər ərzində azərbaycanlılara qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Müxtəlif dövrlərdə deportasiyalar, etnik təmizləmələr və qətliamlar bu siyasətin davamı olmuşdur.
Erməni tərəfi Xocalı şəhərini məqsədli şəkildə hədəf seçərək həm Qarabağda strateji mövqeni ələ keçirmək, həm də Azərbaycan xalqının müqavimət ruhunu sarsıtmaq niyyətində idi. Lakin xalqın milli birliyi və dövlətçilik iradəsi bu planların həyata keçməsinə imkan vermədi. Azərbaycan xalqı suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da möhkəmləndi və qəhrəmanlıq nümunəsi göstərdi.
XX əsr boyunca erməni dairələrinin Osmanlı İmperiyası və Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qanlı toqquşmalara səbəb olmuş, “dənizdən-dənizə Ermənistan” ideyası regionda gərginliyi artırmışdı. Azərbaycanlıların İrəvan, Qarabağ və digər tarixi torpaqlardan deportasiyası, 1905–1908, 1918, 1948–1953 və 1988-ci illərdə baş verən hadisələr bu siyasətin davamı kimi qiymətləndirilir. Keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə də Xocalının seçilməsi strateji məqsədlərlə bağlı idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlı insanlar amansızcasına qətlə yetirildi, yüzlərlə insan yaralandı, əsir götürüldü və itkin düşdü. Şəhərin sosial infrastrukturu, yaşayış evləri, məktəblər, mədəniyyət obyektləri və tarixi abidələr tamamilə dağıdıldı. Bu hadisə Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri kimi yadda qaldı.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan edilməsi faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addım oldu. Hər il həmin gün ölkə üzrə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə Xocalı həqiqətlərinin çatdırılması üçün ardıcıl fəaliyyət göstərir.
Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq arenada daha güclü şəkildə eşidilməyə başlanıb. Dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılıb, diaspor təşkilatlarının fəaliyyəti genişlənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası faciənin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib.
2023-cü ilin antiterror tədbirlərindən sonra Xocalı, Xankəndi, Əsgəran, Ağdərə və Xocavənddə Azərbaycan bayrağının dalğalanması tarixi ədalətin bərpasının simvoluna çevrildi. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı təmin edilir.
Bu gün Xocalı faciəsi yalnız keçmişin ağrılı xatirəsi deyil, həm də Azərbaycan dövlətinin suverenliyinin bərpasına aparan mübarizənin rəmzidir. Beynəlxalq hüquqa əsasən soyqırımı müəyyən bir xalqın məqsədli şəkildə məhv edilməsinə yönəlmiş cinayət hesab olunur və Xocalı hadisələri də bu tərifə tam uyğun gəlir. Azərbaycan cəmiyyəti əmindir ki, zaman keçdikcə bu faciəyə beynəlxalq səviyyədə daha geniş siyasi və hüquqi qiymət veriləcək, məsul şəxslər layiqli cəzalarını alacaqlar”.