"Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik" - Nikoloz Samxaradze

24 Fevral 2026 16:42 (UTC+04:00)

“Azərbaycan-Gürcüstan elektrik şəbəkələrinin artıq bir-birinə sinxronlaşdırılması qitələrarası enerji bağlantısının formalaşmasına imkan yaradır. Bu layihə yalnız iqtisadi deyil, eyni zamanda mühüm siyasi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi və alternativ marşrutların yaradılması regionun strateji rolunu artırır”.

SİA xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

Komitə sədri Azərbaycan və Türkiyəyə təşəkkürünü ifadə edib: “Dost ölkələrimiz - Azərbaycan və Türkiyəyə qətiyyətli əməkdaşlıqlarına və Gürcüstanın ərazi bütövlüyünə göstərdikləri ardıcıl dəstəyə görə minnətdarıq. Xüsusilə qondarma qurumların, o cümlədən Abxaziyanın tanınmaması və beynəlxalq hüquq prinsiplərinə sadiqlik regionda ədalətli mövqenin göstəricisidir”.

Nikoloz Samxaradze bildirib ki, Gürcüstan uzun illərdir Rusiya təcavüzünün nəticələrini yaşayır və bu, ölkənin təhlükəsizlik mühitinə birbaşa təsir edir: “Biz bütün dövlətlərin, xüsusilə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Ukrayna xalqının üzləşdiyi faciələri qətiyyətlə pisləyir və ədalətin bərqərar olunmasını arzulayırıq”.

O əlavə edib ki, Orta Asiya və Yaxın Şərqdə baş verən proseslər diqqətlə izlənilir: “Suriya ilə bağlı ümid edirik ki, yeni hökumət ölkədə sabitliyi və ərazi bütövlüyünü tam bərpa edəcək, əvvəlki rejimin problemli qərarlarını yenidən nəzərdən keçirəcək və beynəlxalq hüquqa uyğun siyasət yürüdəcək”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlıq bundan sonra da inkişaf edəcək, münasibətlər həm ikitərəfli, həm də üçtərəfli müstəvidə daha yüksək səviyyəyə qalxacaq və regionda sabitlik, təhlükəsizlik və rifaha töhfə verməyə davam edəcək.