Audiovizual Şurada yayımçıların təqdim etdiyi hesabatların məzmunu müzakirə olunub

24 Fevral 2026 16:41 (UTC+04:00)

Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüş keçirilib.

Bu barədə SİA-ya Şuradan məlumat verilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, Türk Dövlətləri Təşkilatının İnformasiya sahəsində 2026-cı il üçün Fəaliyyət Planı çərçivəsində audiovizual yayımçıların görməli olduqları işlər müzakirə olunub, yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatların məzmunu və formalarına dair məsələlərə toxunulub.