“Üçtərəfli format çərçivəsində biz həm üçtərəfli, həm də ikitərəfli əsasda region ölkələrini maraqlandıran mühüm məsələləri müzakirə edirik. Fürsətdən istifadə edərək Fuad Oktay simasında Türkiyəli həmkarlarımıza parlamentlərarası münasibətlərə verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm”.
SİA xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, üçtərəfli formatın onuncu iclasının keçirilməsi əməkdaşlığın davamlı və institusional xarakter daşıdığını təsdiqləyir: “İcraedici hakimiyyət səviyyəsində mövcud olan mexanizmin parlament müstəvisində də qorunması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Parlament diplomatiyası strateji tərəfdaşlığımızın möhkəmləndirilməsində təsirli vasitədir”.
Nikoloz Samxaradze vurğulayıb ki, hazırda dünyada baş verən geosiyasi toqquşmalar, beynəlxalq hüququn pozulması və təhlükəli presedentlərin yaranması regionlara və qlobal nizama ciddi təsir göstərir: “Təəssüf ki, bəzi güc mərkəzləri beynəlxalq hüquq prinsiplərinə məhəl qoymayaraq sabitliyi təhdid edirlər”.
O qeyd edib ki, Abxaziya regionu hələ də qanunsuz şəkildə işğal altındadır və burada yaşayan əhali ciddi məhdudiyyətlərlə üzləşir: “İşğalçı qüvvələrin yaratdığı gərginlik, mülki şəxslərə qarşı zorakılıq halları və insan hüquqlarının pozulması qəbuledilməzdir”.
Komitə sədri əlavə edib ki, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən İran və Suriya ilə bağlı proseslər qlobal təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir: “Gürcüstan bu təzyiqlərlə üz-üzədir, lakin beynəlxalq hüquqa və diplomatiyaya sadiq qalaraq problemlərin sülh yolu ilə həllini dəstəkləyirik”.
Nikoloz Samxaradze vurğulayıb ki, üçtərəfli əməkdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra da töhfə verəcək.