Nəsimi rayonunda 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

24 Fevral 2026 15:18 (UTC+04:00)

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.