"Azərbaycanın sülh quruculuğu istiqamətində atdığı addımlar təkcə region üçün deyil, bütövlükdə dünya üçün nümunə sayıla bilər. Tarix boyu müharibələrdən sonra adətən qalib tərəf məğlub etdiyi tərəfi sıxışdırır, ona dirçəlmək, iqtisadiyyatını bərpa etmək və yenidən toparlanmaq imkanı vermirdi. Qalibiyyət üstünlüyündən istifadə edərək ağır şərtlər irəli sürür, yalnız öz maraqlarından çıxış edirdi. Azərbaycan isə fərqli yol seçdi".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, istər 44 günlük Vətən müharibəsindən sonra, istərsə də 24 saatdan az davam edən antiterror tədbirlərindən sonra Ermənistan tərəfinə yenidən dirçəlmək, iqtisadiyyatını bərpa etmək və dövlət olaraq toparlanmaq üçün şans verdi: "Bu, bəşər tarixində nadir rast gəlinən və örnək göstərilə biləcək yanaşmadır.
Beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı kampaniyalar aparan dairələr olsa da, ümumilikdə siyasi və analitik mərkəzlər bu reallığı görür. Aydındır ki, əgər Cənubi Qafqazda sülh yoxdursa, bu, Azərbaycandan qaynaqlanmır. Əksinə, regiona real sülh gətirmək potensialına malik yeganə ölkə məhz Azərbaycandır.
ABŞ-da Donald Tramp administrasiyası dövründə də Azərbaycanın sülh təşəbbüsləri yüksək qiymətləndirilib. Reallıqlar ortadadır – Azərbaycanın sülh siyasəti açıq və ardıcıl olub, irəli sürülən prinsiplər səmimidir. Bu prinsiplər qarşılıqlı əməkdaşlıqdan, hüquq bərabərliyindən və bir dövlətin digərinə dominantlıq etmədiyi münasibətlər sistemindən ibarətdir. Azərbaycan modeli onu tələb edir ki, heç bir dövlət öz geosiyasi mövqeyindən, iqtisadi və ya hərbi üstünlüyündən istifadə edərək zəif tərəfi əzməməlidir. Əksinə, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsas götürülməlidir. Bu yanaşma tətbiq olunsa, əslində ayrıca “sülh quruculuğu” anlayışına belə ehtiyac qalmayacaq, çünki münaqişə yaranmayacaq.
Əgər dünyanın böyük dövlətləri - özlərini qlobal təhlükəsizliyin təminatçısı adlandıran güclər - bu təcrübədən yararlansalar, münaqişələrin ya qarşısı alınar, ya da onlar lokal xarakter daşıyar. Bu isə dağıdıcı təsirlərin azalmasına, daha təhlükəsiz, iqtisadi və sosial rifahın yüksək olduğu bir dünya qurulmasına şərait yaradar".