"Azərbaycan regionun əsas aktoru kimi təsdiqləndi" - MÖVQE

24 Fevral 2026 12:55 (UTC+04:00)

"Azərbaycan Prezidentinin Sülh Şurasında iştirakı və bu platformada Azərbaycana, eləcə də dövlət başçısına ABŞ tərəfindən göstərilən xüsusi diqqət ölkəmizin regionda oynadığı mühüm rolun göstəricisidir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu, Azərbaycanın Cənubi Qafqazda əsas aktorlardan biri kimi qəbul olunduğunu bir daha təsdiqləyir və onun regional siyasətdə nüfuzunu artırır.

Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı, xüsusilə də Qəzza məsələsi kimi dünyanın ən mürəkkəb və həssas problemlərindən birinin müzakirə olunduğu platformada yer alması onu sübut edir ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal proseslərdə də iştirak edən və mövqeyi nəzərə alınan ölkəyə çevrilib. Bu, eyni zamanda ölkəmizin diplomatik imkanlarının artdığını, beynəlxalq təşkilatlarla əməkdaşlığının möhkəmləndiyini və müxtəlif regional və qlobal məsələlərdə konstruktiv rol oynaya biləcəyini göstərir.

Bu fakt göstərir ki, Azərbaycan beynəlxalq münaqişələrin həlli və qlobal təhlükəsizlik məsələlərində aparıcı rol oynamağa qadir olan dövlətlər sırasındadır. Dövlətimizin mövqeyinin nüfuzlu beynəlxalq platformalarda diqqətə alınması, həmçinin Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyən tərəfdaşlarla əlaqələrinin güclənməsinə, iqtisadi və siyasi əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır".