"Su qədim inamların yaşadılan simvoludur" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Fevral 2026 12:47 (UTC+04:00)

"Su çərşənbəsi Novruzun gəlişindən öncə qeyd olunan dörd çərşənbənin birincisidir. Bu çərşənbə müxtəlif bölgələrdə fərqli adlarla tanınır: Sulu çərşənbə, Güllü çərşənbə, Xəbərçi və s. Adların fərqli olması o qədər də önəmli deyil. Əsas məqam odur ki, xalq inanclarına görə bu çərşənbə həyatın başlanğıcını simvolizə edir".

Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, su çərşənbəsi yalnız Novruz ənənəsinin bir hissəsi deyil, həm də qədim türklərin su kultu ilə bağlı dərin inanclarına söykənir. Qədim türk dünyagörüşündə su müqəddəs sayılır, ona canlı varlıq kimi yanaşılırdı. Suyun ilahi başlanğıc olduğu düşünülürdü. Bu inanclar həm yazılı mənbələrdə, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanında, həm də xalq yaddaşında öz əksini tapmışdır: "Xalq inancına görə, Su çərşənbəsi gecəsi bütün sular təzələnir və saflaşır. İnsanlar sübh tezdən bulaq başına gedər, suyun üzərindən atlanar, əl-üzlərini yuyardılar. Bu, yalnız gigiyenik əməl deyil, həm də mənəvi və ruhani təmizlənmə kimi qəbul olunurdu. Axar suya tüpürmək, onu çirkləndirmək, suya bəddua etmək böyük günah sayılırdı. Çünki su müqəddəsdir və ona hörmətsizlik etmək ilahi başlanğıca hörmətsizlik kimi dəyərləndirilirdi.

Bəzi bölgələrdə Su çərşənbəsi axşamı fal açmaq adəti də olub. Su qabına üzük və ya digər əşyalar atılaraq niyyət tutulardı. “Lal su” adəti də geniş yayılmışdı. Su gətirən şəxs yol boyu danışmazdı. İnanılırdı ki, danışarsa, niyyəti qəbul olmaz. Gətirilən su ilə evdəkilərin üzərinə su çiləyər, bununla onları ağırlıqdan və pis enerjidən təmizlədiklərinə inanardılar.

Qədim türk mifologiyasında su kainatın ilkin ünsürü hesab olunur. Bəzi miflərdə dünyanın su üzərində yaranması təsvir edilir. Bu baxımdan, Su çərşənbəsi kosmoqonik düşüncənin, yəni kainatın yaranışı ilə bağlı qədim təsəvvürlərin bu günə qədər yaşadılan izidir. Bu gün də bir çox bölgələrdə su ilə bağlı rituallar davam etdirilir. Məsələn, su qabı, bəzən saxsı qab doldurulub evə gətirilir və qapı ağzına qoyulur. Bəzi yerlərdə isə həmin qab evin divarına və ya ağac dibinə çırpılıb sındırılır. Bu, köhnənin qırılması və yeniliyin başlanğıcı kimi yozulur.

Zaman keçdikcə bəzi inanclar zəifləsə də, Su çərşənbəsi xalqımızın qədim dünyagörüşünü, təbiətə və xüsusilə suya olan dərin hörmətini yaşadan ən önəmli mərasimlərdən biri olaraq qalır. İnama görə, suyun axması evə uğurun gəlməsi, evdəki bədbəxtliyin və ağırlığın aradan qalxması kimi yozulur. Xalq təqviminə əsasən, ilk çərşənbənin - Su çərşənbəsinin - başlanması ilə çayların buzları əriməyə başlayır, sular açılır, suyun canına istilik gəlir. Bu, suyun oyanışı kimi qəbul olunur və yazın ilk müjdəsi sayılır.

Su ümumiyyətlə həyatın başlanğıcıdır. Suyun alternativi, demək olar ki, yoxdur; yer üzündə heç nə suyu əvəz edə bilməz. Novruzdan əvvəl qeyd olunan dörd müqəddəs çərşənbənin birincisi olan Su çərşənbəsi xalq təfəkküründə məhz həyatın başlanğıcı kimi qəbul edilir. Qədim inama görə, kainat əvvəlcə sudan yaranıb. Su saflığın, təmizliyin və diriliyin rəmzidir və xalqımız bu inamı əsrlər boyu yaşadıb.

“Su təmizləyər, su aydınlıq gətirər”, - deyərlər. Dualarda belə ifadələr işlədilir: “Qapından duru su axsın”. Bir qız haqqında danışarkən “sudan aydın, sudan duru” deyilməsi onun paklığını və təmizliyini ifadə edir. İnsan saflığının su ilə müqayisə olunması suyun müqəddəsliyinin xalq düşüncəsində nə qədər dərin yer tutduğunu göstərir".