Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nəzdində Horovlu kənd həkim məntəqəsi yaradılaraq istifadəyə verilib.
SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, həkim məntəqəsi bir inzibati (məntəqə müdiri), bir həkim, bir peyvənd, bir prosedur və bir dərman vasitələrinin saxlanılması üçün nəzərdə tutulan otaqlar olmaqla, ümumilikdə beş otaqdan ibarətdir.
Binada aparılan əsaslı təmir-bərpa prosesindən sonra istifadəyə verilən kənd həkim məntəqəsində iki tibb bacısı və bir sanitar qadın vətəndaşlara xidmət göstərir.
Yeni istifadəyə verilən binada ümumilikdə 2600-ə yaxın vətəndaşa ilkin səhiyyə xidmətinin göstərilməsi nəzərdə tutulub və Horovlu kəndində yaşayan əhalinin keyfiyyətli tibbi xidmətə çıxışının təmin edilməsində mühüm rol oynayacaq.