Fevralın 23-də Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə “Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi və konfrans keçirilib.
SİA xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəri dəyərlərə qarşı yönəlmiş amansız bir soyqırımı aktıdır. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlərin bu gün də mühüm nəticələr verdiyini diqqətə çatdırıb.
Sonra Prezident Kitabxanası tərəfindən faciəni əks etdirən videoçarx nümayiş edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Xocalı şəhərində faciənin şahidlərindən olan Fəridə Cabbarova, şəhid ailəsinin üzvü, DİN polkovniki Almaz Həsənova, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli çıxışlarında Xocalı soyqırımının tarixi kökləri, şahidlərin acı xatirələri, cinayətin hüquqi aspektləri və bu faciənin vizual şəkildə dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər. Natiqlər həmçinin xalqımızın qan yaddaşına həkk olunmuş bu dəhşətli hadisənin gənc nəsillərə ötürülməsində foto sənətinin müstəsna rolunu vurğulayıblar.
Tanınmış fotojurnalist Reza Deqati öz çıxışında nümayiş olunan fotoları bir-bir şərh edərək, hər bir kadrın Xocalı faciəsinin dünyaya çatdırılmasındakı müstəsna rolundan bəhs edib. Çıxış zamanı, həmçinin həmin görüntülər əsasında hazırlanmış qısa videoçarx da nümayiş olunub.
Daha sonra çıxış edən professor Afət Abbasova bildirib ki, bu gün Azərbaycan xalqı Xocalı faciəsinin ildönümünü fərqli duyğularla yad edir. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin qisası döyüş meydanında alınıb. Afət Abbasova qeyd edib ki, dövlət başçısının Xocalıda Azərbaycan bayrağını ucaltması həm tarixi ədalətin bərpası, həm də soyqırımı qurbanlarının ruhunun şad olması deməkdir.
Ardınca Prezident Kitabxanası tərəfindən hazırlanmış, rəşadətli Ordumuzun qələbəsini və Xocalıya böyük qayıdışı tərənnüm edən videoçarx təqdim olunub.
Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında bəstəkar Oqtay Rəcəbovun “Adın tarix oldu, Xocalı” kompozisiyası və Nərmin Nərimanlının ifasında “Vətən” mahnısı səsləndirilib.
“Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi fevralın 28-dək davam edəcək. Nümayiş olunan fotosərgi dünyaşöhrətli fotojurnalist Reza Deqatinin Xocalı faciəsini və müharibənin acı nəticələrini əks etdirən müəllif fotolarından ibarətdir. Sərgidə yer alan sənədli görüntülər faciənin dəhşətlərini dünyaya çatdıran tarixi sübutlar kimi təqdim olunub.