Niyə “şam yeməyini düşmənə vermək” daha yaxşıdır?

23 Fevral 2026 18:54 (UTC+04:00)

...Şimal-Qərb Universitetinin alimləri aşkar ediblər ki, gecə ac qalma müddətini cəmi bir neçə saat uzatmaq artıq çəkili insanlarda ürək-damar və metabolik sağlamlığı yaxşılaşdıra bilər.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatın nəticələri Arteriosclerosis, Thrombosis, and Vascular Biology (ATVB) jurnalında dərc edilib.

...Randomizə edilmiş klinik sınaqda 36-75 yaş arası 39 artıq çəkili və ya piylənmiş şəxs iştirak edib.

İştirakçılar iki qrupa bölünüb: biri gecə ac qalma müddətini ən azı üç saat 7,5 həftə uzadıb, digəri isə normal pəhriz saxlayıb və nəzarət qrupu kimi xidmət edib.

Nəzarət qrupu ilə müqayisədə yatmazdan əvvəl daha uzun müddət yeməkdən imtina edən iştirakçılar gecə diastolik qan təzyiqində daha çox azalma müşahidə ediblər.

Səhər qlükoza tolerantlığı, gecə ürək döyüntüsü, ürək döyüntüsü dəyişkənliyi və kortizol səviyyələrinin ikinci dərəcəli ölçüləri də yaxşılaşıb.

Lakin insulin həssaslığında heç bir əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.

Müəlliflər qeyd edirlər ki, yuxu zamanı bədən təbii olaraq ac qalma vəziyyətinə keçir.

Bioloji ritmlərlə sinxronlaşdırılan bu müddətin uzadılması ürək, maddələr mübadiləsi və yuxu arasında daha yaxşı koordinasiyanı təşviq edə bilər.

Tədqiqatçılar bu yanaşmanın xüsusilə kardiometabolik xəstəliklər riski yüksək olan insanlar üçün faydalı ola biləcəyinə inanırlar, lakin uzunmüddətli təsiri təsdiqləmək üçün daha geniş tədqiqatlara ehtiyac var.

Əli Babayev