"Neokolonializmə qarşı yeni qlobal siyasi mövqe formalaşır" - ŞƏRH EDİLDİ

23 Fevral 2026 15:20 (UTC+04:00)

"Bakıda keçirilən “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans təsadüfi tədbir deyil, bu, qlobal sistemdə formalaşmaqda olan yeni güc balansının və postkolonial diskursun dərinləşməsinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, XXI əsrdə klassik müstəmləkəçilik formal olaraq aradan qalxsa da, iqtisadi, maliyyə, informasiya və texnoloji asılılıq mexanizmləri vasitəsilə neokolonial münasibətlər davam edir: "Bu münasibətlər xüsusilə inkişaf etməkdə olan ölkələrin borc asılılığı, resursların ədalətsiz bölgüsü və qlobal qərarvermə institutlarında zəif təmsil olunması ilə özünü göstərir. Konfransın Bakıda keçirilməsi də rəmzi məna daşıyır. Azərbaycan son illərdə Qoşulmama Hərəkatında fəal mövqeyi, Cənub-Cənub əməkdaşlığı təşəbbüsləri və enerji təhlükəsizliyi sahəsində alternativ marşrutların təşviqi ilə qlobal dialoq platformasına çevrilməyə çalışır. Bu baxımdan Bakı platforması inkişaf etməkdə olan ölkələrin səsinin daha aydın eşidilməsi üçün mühüm tribuna rolunu oynaya bilər. Neokolonializm artıq yalnız hərbi və ya siyasi təsir mexanizmləri ilə deyil, daha çox iqtisadi rıçaqlar – kredit siyasəti, transmilli korporasiyaların dominantlığı, texnologiya üzərində nəzarət və informasiya manipulyasiyası vasitəsilə həyata keçirilir. Qlobal maliyyə institutlarının qərar mexanizmlərində qeyri-bərabər təmsilçilik, beynəlxalq ticarət qaydalarının böyük iqtisadiyyatların maraqlarına uyğun formalaşdırılması və enerji bazarlarında selektiv yanaşmalar bu prosesi dərinləşdirir. Bu reallıq fonunda inkişaf etməkdə olan ölkələrin iqtisadi asılılıqdan çıxması üçün bir neçə real mexanizm önə çıxır. Birincisi, regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və alternativ maliyyə institutlarının yaradılmasıdır. İkincisi, xammal ixracatçısı modelindən yüksək əlavə dəyər yaradan istehsal modelinə keçiddir. Üçüncüsü, texnologiya transferi və rəqəmsal suverenliyin təmin olunmasıdır. Dördüncüsü isə beynəlxalq hüquq və çoxtərəfli institutlarda daha ədalətli təmsilçilik uğrunda koordinasiyalı siyasi mövqenin formalaşdırılmasıdır.

Qlobal bərabərsizlik məsələsi artıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik məsələsidir. Sosial-iqtisadi uçurum dərinləşdikcə miqrasiya axınları, regional münaqişələr və siyasi radikallaşma riski artır. Buna görə də neokolonializmlə mübarizə yalnız ideoloji diskurs deyil, praktik inkişaf strategiyasının tərkib hissəsi olmalıdır. Bakıda keçirilən bu konfrans göstərir ki, qlobal Cənub ölkələri artıq passiv mövqe tutmaq niyyətində deyil. Yeni dünya nizamı uğrunda debatlarda onların institusional iştirakı və koordinasiyası artdıqca, beynəlxalq münasibətlər sistemində daha balanslı və çoxtərəfli modelin formalaşması mümkündür".