Separatçılar mühakimə olunur, beynəlxalq miqyasda qərəz isə sərhəd tanımır
Nəhayət, Bakıda Qarabağ separatçılarına qurulmuş məhkəmə sona çatdı, onlar layiq olduqları cəzalara çatdılar. Azərbaycan xalqının başına açdıqları min bir müsibətin, vəhşiliklərin, vandallıqların hesabını vermək üçün hücrələrinə qapadıldılar. Açığını deyim, məhkəmə prosesindən heç razı qalmadım, qısaca desəm, dövlətçiliyimizə dil uzadan, 30 il ölkəmizin suverenliyinə, xalqımızı təhlükəsizliyinə böyük əngəllər törədən separatçı ermənilər sanki məhkəmə zalında yox, “tok-şou”da idilər. Yadıma hələ o vaxt işğal altında olan Kəlbəcərin kəndinə öz doğmalarının qəbrini ziyarət etmək üçün gizlicə gedən və qanunsuz erməni silahlıları tərəfindən girov götürülən Dilqəm Əsgərov düşdü. Müqayisə etməyə çalışdım, Xankəndidə qurulan “məhkəmə” hara, Bakıda keçirilən məhkəmə hara?
Dilqəm “məhkəmə”yə gözü bağlı gətirilir, ona danışmağa, öz fikrini sərbəst şəkildə ifadə etməyə imkan verilmir, hətta proses zamanı əlləri bağlı saxlanılır.
Separatçıların “Bakı sərgüzəştləri”ndə isə onlar şüşə arakəsmələrin arxasında kamali-ədəblə əyləşdirilir, tərcüməçi və vəkillərlə təmin edilir, hətta ailələri ilə əlaqə saxlamaşa imkanlar yaradılır. Bəs, bu humanizmə göyə balonlarla çıxan əcnəbilərin, bizə “məsləhətlər”ini əsirgəməyən bəzi mərkəzlərin münasibəti necə oldu?
Bəli, əsas məsələ də prosesin yekununda xarici ölkələrdən, bəzi beynəlxalq təşkilatlardan gələn qərəzli bəyanatlardır. Onlar məhkəməni qanunsuz adlandırırlar. İş o yerə çatıb ki, oxşar hadisələrdə separatçıları fiziki olaraq məhv etməkdə dəyişməz mövqeyi olan Rusiyanın nədənsə “humanizm” prinsipləri yadına düşüb. Çeçenistan hadisələrini yada salaq, Rusiya köləliyinə boyun əymək istəməyən çeçenlər müstəqillik tələb edirdilər. Onların yeganə günahı dogma el-obasını Kremlin ikibaşlı qartalının çaynaqlarından qurtarmaq idi. Çeçen xalqı son 200 ildə azadlığı üçün bir neçə dəfə üsyana qalxmışdılar, amma hər dəfəsində arzuları qan içində boğulmuşdu.

Erməni separatçılarını haqlı olaraq mühakimə etdiyimizə görə bizi qınayan, qanunsuzluqda suçlayan Rusiya deyə bilərmi, əgər Cövhər Dudayev, Zelimxan Yandarbiyev, Aslan Maşhadov, Şamil Basayev, Ruslan Gelayev, Doka Umarov, Şamil Basayev, Salman Raduyev və digər çeçenlər terrorçu idilərsə, bəs Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutunyan, Davit İşxanyan, David Manukyan, Davit Babayan, Levon Mnatsakanyan, Vasili Beglaryan, Erik Qazaryan, Davit Allahverdiyan, Qurgen Stepanyan, Levon Balayan, Madat Babayan, Qarik Martirosyan, Melikset Paşayan kim idi? Kremlin təxribat maşınını idarə edənlərin diqqətinə çatdıraq ki, bu ermənilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurdular.
Əsarətində saxladığı xalqların taleyinə həmişə barmaqarası baxan, onların mənəviyyatını əzməkdən ləzzət alan başqa bir dövlət – Fransa isə separatçıların həbsinə son ana qədər etiraz etdi və son çıxışını da “France24”-ün müxbirinin Azərbaycan Prezidentinə verdiyi təxribatçı sualla bitirdi. Müxbirin “Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm”, fikrinə İlham Əliyevin cavabı lokonik və sərt oldu: ”Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”.
Amma bu sualı verən, separatçıları daha çox qəhrəmanlaşdıran fransalı müxbir bir anlığa Fransa dövlətinin oxşar hadisələrdə nələr etdiyinə diqqət etsin, heç olmasa yaxın tarixə nəzər salsın. Yelisey Sarayının Dənizaşırı ölkələrdə, Korsikada, Cənubi Amerikadakı müstəmləkə torpaqlarında yerli xalqların əsarətdən qurtulmaq istəklərinə cavabı nə olub? Əlbəttə, azadlıq istəyən xalqlara “terrorçu” damğası və ölüm.
Bizə “ağıl dərsi” keçmək istəyən digər “humanistlər”ə də cavabımız eynidir. Hansı ölkə separatçılığı sevir, ona dəstək olur, heç birisi. Amma başqa ölkələrdə baş verənlərə səssiz də qalmırlar, “məsləhətlər” verməkdən usanmırlar, “aradüzəltmələr”dən də çəkinmirlər, ATƏT kimi “həmsədrlik”dən də əl çəkmirlər.
Dünyada müxtəlif dövrlərdə öz müqəddəratını təyin etdiyini elan edən, lakin heç bir dövlət tərəfindən rəsmi şəkildə tanınmayan separatçı qurumlar mövcud olub. Təkcə Rusiyada (Putinin 2000-ci illərdə dediyi kimi) Bu qurumların əksəriyyəti qısaömürlü olub, bəziləri isə uzun illər de-fakto idarəetmə həyata keçirsə də, beynəlxalq hüquq baxımından dövlət statusu qazana bilməyib. Cənubi Osetiya və Abxaziya Gürcüstanın ərazisində müstəqillik elan etmiş separatçı bölgələrdir. Bir neçə dövlət tərəfindən tanınsa da, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti tərəfindən Gürcüstanın ərazisi kimi qəbul edilir. Dnestryanı 1990-cı illərdə Moldovadan ayrıldığını elan edib. Heç bir BMT üzvü dövlət tərəfindən tanınmayıb. De-fakto idarəetmə mövcuddur, lakin hüquqi status qeyri-müəyyəndir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev "məhkəmə" qarşısında
Bəs beynəlxalq hüququn mövqeyi necədir?
Beynəlxalq hüquqda iki əsas prinsip mövcuddur, dövlətlərin ərazi bütövlüyü prinsipi və Öz müqəddaratını təyinetmə hüququ. Eyni sənədlərdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsas norma kimi təsbit edilir. Bu prinsip separatizmin legitimləşdirilməsinə imkan vermir. Beynəlxalq hüquq ümumilikdə belə hallarda ərazi bütövlüyünü üstün tutur. Öz müqəddəratını təyin etmə hüququ əsasən müstəmləkə rejimləri və ciddi sistemli ayrı-seçkilik halları üçün nəzərdə tutulub. Xalqların öz müqəddəratını təyin etmə hüququ Birləşmiş Millətlər Təşkilatınin Nizamnaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunub. Xüsusilə dekolonizasiya prosesində bu prinsip geniş tətbiq edilib. Tarixi təcrübə göstərir ki, tanınmayan qurumlar uzunmüddətli iqtisadi və siyasi təcridə məruz qalır, xarici asılılıq artır, investisiya və beynəlxalq əməkdaşlıq imkanları məhdudlaşır. Əksər hallarda ya reinteqrasiya, ya da dondurulmuş münaqişə vəziyyəti yaranır.
Dövlət suverenliyinə təhlükə yarandıqda hansı tədbirlər görülə bilər? Beynəlxalq hüquqa əsasən dövlət birincisi diplomatik vasitələrdən istifadə etməlidir, yəni danışıqlar, vasitəçilik, beynəlxalq platformalar. İkincisi, daxili hüquqi mexanizmləri tətbiq etməlidir, yəni konstitusion qaydanın qorunması. İqtisadi və inzibati tədbirlər də görə bilər. Son çarə olaraq güc tətbiqidir. BMT Nizamnaməsinə uyğun şəkildə, dövlətin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək məqsədilə bütün tədbirlərə əl atmaqda sərbəstdir. BMT Nizamnaməsinin 51-ci maddəsi dövlətə özünümüdafiə hüququ verir.
Dünya təcrübəsi göstərir ki, beynəlxalq tanınma olmadan elan edilən separatçı qurumların əksəriyyəti uzunmüddətli perspektivdə hüquqi legitimlik qazana bilmir. Beynəlxalq hüquq sistemində ərazi bütövlüyü prinsipi əsas norma olaraq qalır və yalnız istisna hallarda ayrılma legitim hesab edilir.
Bu səbəbdən dövlətlərin əsas vəzifəsi daxili sabitliyi qorumaq, inklüziv idarəetmə mexanizmləri qurmaq və mümkün münaqişələri siyasi-diplomatik yollarla həll etməkdir. Suverenlik və ərazi bütövlüyü müasir beynəlxalq sistemin fundamental dayaqları hesab olunur.
V.VƏLİYEV