"Azərbaycan regional və qlobal təsirini artırır" - ŞƏRH

23 Fevral 2026 13:56 (UTC+04:00)

"Azərbaycanın Sülh Şurasına üzv olması ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi nizamın mühüm göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunun davamlı xarakter aldığını göstərir: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Xəzər hövzəsində və Cənubi Qafqazda Azərbaycanın mərkəzi mövqeyi daha da möhkəmləndirilib. Nəqliyyat-logistika xətlərinin inkişafı, enerji layihələrinin genişləndirilməsi və iqtisadi potensialın gücləndirilməsi ölkəmizin beynəlxalq rolunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda təsir imkanlarına malik aktor kimi çıxış edir.

Sülh Şurası çərçivəsində Azərbaycan müxtəlif regionlarda münaqişələrin həlli və sabitliyin təşviqi istiqamətində öz töhfəsini verə bilər. Bu platforma ölkəmizə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq proseslərində daha fəal iştirak imkanı yaradır. Gələcək mərhələdə Şura daxilində qəbul edilən qərarların icrası və mexanizmlərin təkmilləşdirilməsi Azərbaycanın rolunu daha da gücləndirə bilər.

Ümumiyyətlə, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində obyekt deyil, subyekt kimi çıxış edir və proseslərə təsir göstərmək imkanına malikdir. Prezidentin şaxələndirilmiş xarici siyasəti - dünyanın əsas güc mərkəzləri ilə strateji əlaqələrin qurulması, o cümlədən ABŞ ilə münasibətlərin inkişafı - bu nəticələrin məntiqi təzahürüdür.

Orta Dəhlizin inkişafı, “Zəngəzur dəhlizi”nin reallaşması və Sülh Şurasına üzvlük Azərbaycanın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da gücləndirəcəkdir".