Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

23 Fevral 2026 13:36 (UTC+04:00)

Martın 17-si saat 11:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

DİM-dən SİA-ya bildirilib ki, imtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) qeydiyyatdan keçmiş ərizəçilər martın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə DİM-in saytından tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılacaq.

Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.