Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar. Onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.
Sabunçu Rayon Polis İdarəsi 42-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.
Araşdırmalar nəticəsində saxlanılanların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.