"Sabah" Azərbaycan Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb

23 Fevral 2026 11:05 (UTC+04:00)

"Sabah" Misli Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb.

SİA Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə XXI turda çatdırıb.

Paytaxt təmsilçisi evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" bunadək "İmişli"ni 3:0, "Neftçi"ni 2:0, "Turan Tovuz"u 3:1, "Qarabağ"ı 2:1, "Sumqayıt"ı 3:1, "Karvan-Yevlax"ı 4:1, "Zirə"ni 3:1, "Araz-Naxçıvan"ı 4:1, "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.

İlk dəfə belə seriyaya imza atan "Sabah" turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.

"Neftçi" hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. "Qarabağ"ın 4, "Şəmkir"in 2 belə seriyası var. "Bakı", "Kəpəz", "Turan", "Xəzər" (Sumqayıt) və "Xəzər Lənkəran" isə "Sabah" kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.

Qeyd edək ki, "Sabah" növbəti turda "Qarabağ"la qarşılaşacaq.