Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
İdarədən SİA-nın bölgə müxbirinə bildirilib ki, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. "X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə kütləsi 5,254 kiloqram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.