Bu devizlə çalışan “Azərişığ”ın bu gün ən məsul vəzifəsi Qarabağa və Şərqi Zəngəzura işıq aparmaqdır. Elə işıq ki, 30 ilə yaxın işıqsız qalan qaranlıqlara işıq salsın, həyatı aydınlatsın, bu yurda həsrət qalan insanların yeni ocaqlarına rahatlıq və firavanlıq gətirsin. Ona görə də ölkəmizin həyatında vacib rol oynayan bu strukturun fəaliyyətinə də, məhz onun 44 günlük müharibədən qazandığı Zəfərdən sonra Qarbağda həyata keçirdiyi işlərdən başlamaq istəyirəm.
Qarabağa işıq “Azərişıq”la qayıdır
Qarabağın “çırağı” 1992-ci ildən mənfur qonşularımız olan erməni vandalları tərəfindən söndürülmüşdü. 28 ildən artıq təcavüzkar qonşuların işğalı altında olan onlarla şəhər və qəsəbə, yüzlərlə kənd sözün əsl mənasında xarabalıqlara çevrilmişdi. Azərbaycan Ordusunun 44 günlük müharibədəki şanlı Zəfərindən sonra Qarabağa ilk səfərlərin birində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən torpaqlarında insanlığa əsla sığmayan gerçək mənzərəni görüb ürək ağrısı və qəzəblə deyirdi: “Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”.

Amma 2020-ci il noyabrın 8-də Qarabağ artıq azad idi və yağı düşmən kapitulyasiya aktına imza atmışdı. Qarabağın, Şərqi Zəngəzurun əzəli və əbədi sahibləri qayıtmışdılar. Qayıtmışdılar ki, Qarabağın çırağını yenidən yandırıb, bu yerləri abad etsinlər, evlər tikib yurd yerlərinin ocağını yenidən yandırsınlar. Bu çırağı ilk yandıran isə həm simvolik, həm də sözün əsl mənasında “Azərişıq” ASC oldu. Çünki dövlət başçısının tapşırığı ilə Qarabağın azad edilməsindən sonra əsas prioritetlərdən biri bu regionun enerji infrastrukturunun bərpası idi.
Üzərinə düşən vəzifənin nə qədər məsuliyyətli və şərəfli olduğunu bilən "Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirməyə start verdi. Layihə elə belə də adlanırdı: “Azərişıq Qarabağda”. Bu layihə çərçivəsində strateji obyektlərin, yaşayış məntəqələrinin və yeni qurulan infrastrukturun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün müasir yarımstansiyalar, hava xətləri və rəqəmsal idarəetmə mərkəzləri yaradılmağa başlandı və qısa bir vaxtda çox böyük uğurlara imza atıldı.
Layihələr konkret olaraq bir istiqamətdə deyil, müxtəlif istiqamətlərdə reallaşdırılmağa başlandı:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və nəzarəti altında reallaşan bu tədbirlər Qarabağ bölgəsinin sürətli bərpası və “ağıllı şəhər-kənd” konsepsiyalarının reallaşdırılması üçün çox mühüm rol oynayırdı. Aparıcı müəssisə isə “Azərişıq” idi.
Bölgənin dirçəlişi istiqamətində atılan ilk və ən əhəmiyyətli addımlardan biri şəhər-şəhər, kənd-kənd bu torpaqda elektrik enerjisinin bərpası oldu. “Azərişıq” bölgənin şəhər və kəndlərinə elektrik enerjisinin verilməsində, azad edilmiş ərazilərdə etibarlı və fasiləsiz elektrik enerjisi təchizatının təmin edilməsinə başladı.
Bu gün “Azərişığ”-ın bölgəyə qədəm qoymasından 5 ildən artıq vaxt keçir. Bu illər ərzində viran qalmış Qarabağ tədricən dinc həyata qayıdır, yeni tikilən şəhərlərdə, kəndlərdə evlərin pəncərələrində artıq işıqlar sayrışır. “Azərişıq” şirkəti ilə işıq Qarabağa həm sözün əsl mənasında, həm də simvolik olaraq qayıtdı.
Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiqi etməklə 110/35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr artıq gerçəyə çevrilib.

İşıq - dirçəlişin simvolu
Bərpa işlərinə start verilən ilk günlərdən “Azərişıq” şirkətinin mütəxəssisləri zədələnmiş infrastrukturun vəziyyətini qiymətləndirməyə başladılar. Elektrik xətləri, yarımstansiyalar və transformatorlar - hər şey genişmiqyaslı yenidənqurma tələb edirdi. İşlər sürətləndirilmiş templə, çox vaxt çətin mühəndislik şəraitində aparıldı. Bir tərəfdən də düşmən qovulsa da, xislətindən irəli gələn çirkin niyyət ilə bu torpaqlara basdırdığı minalara və partlayıcı qurğular elektrik xətti çəkən insanlar üçün böyük təhlükə yaradırdı. Lakin “Azərişığ”ın kollektivi bundan qorxub geri çəkilmədi və öz işini yüksək peşəkarlıqla davam etdirdi.
Qarabağa elektrik enerjisinin verilməsinin bərpası təkcə texniki deyil, həm də simvolik bir mərhələ idi. Evlərdə, məktəblərdə, xəstəxanalarda və küçələrdə işıq yeni həyatı və bölgənin genişmiqyaslı bərpasını simvolizə edirdi. Mütəxəssislər dağıdılmış infrastrukturun vəziyyətini tez bir zamanda qiymətləndirdilər, mərhələli yenidənqurma planı hazırladılar və layihələrin həyata keçirilməsinə başladılar. Elektrik təchizatı tikinti layihələrinin başlanması, sosial obyektlərin bərpası, tibb müəssisələrinin və təhsil mərkəzlərinin fəaliyyət göstərməsi üçün təməl oldu. Azad edilmiş ərazilərdə onlarla kilometr yeni elektrik xətləri çəkildi, müasir transformator yarımstansiyaları quraşdırıldı və rəqəmsal idarəetmə sistemləri tətbiq edildi.
Bu gün də mütəxəssis energetiklər enerji itkilərini minimuma endirən və elektrik şəbəkəsinin sabitliyini təmin edən innovativ texnologiyaların istifadəsinə xüsusi diqqət yetirirlər.İşlər çətin şəraitdə, bir çox hissələr ilkin mühəndislik hazırlığı tələb edən şəraitdə aparılır. Buna baxmayaraq, energetiklər yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirdilər.

Müasir yanaşma və ağıllı həllər
Bərpa işlərinin ilk günlərindən başlayaraq “Ağıllı şəhər” konsepsiyasının bir hissəsi kimi Qarabağda müasir elektrik enerjisi ölçmə sistemləri, avtomatlaşdırılmış paylama şəbəkələri və avadanlıqların məsafədən monitorinqi tətbiq olunmağa başlandı. Konsepsiyasının bir hissəsi olaraq, etibarlı və şəffaf enerji təchizatını təmin edən ağıllı sayğaclar quraşdırılır. Bu tip müasir yeni qurğular beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir və istifadə olunan texnologiyalar enerji itkilərini minimuma endirir. Bu yanaşma idarəetmənin səmərəliliyini artırır, potensial problemlərə vaxtında cavab verir və yüksək səviyyəli müştəri xidmətini təmin edir.
İşıqlandırılmış küçələr, fəaliyyət göstərən müəssisələr və yeni evlərin pəncərələrindəki işıqlar - bütün bunlar bölgənin genişmiqyaslı yenilənməsinin əyani sübutuna çevrilib. Qayıdan sakinlər üçün sabit elektrik təchizatı təkcə rahatlıq və təhlükəsizlik yox, həmdə gələcəyə böyük inam deməkdir.
Qarabağ sürətlə dayanıqlı inkişaf bölgəsinə çevrilir, burada fəal şəkildə və sürətlə yaşayış kompleksləri, sosial obyektlər və sənaye müəssisələri tikilir. Bütün bu proseslərin əsasını isə təbii ki, etibarlı elektrik təchizatı təşkil edir.
“Azərişıq” Şirkəti şəbəkələrin genişləndirilməsi və modernləşdirilməsi layihələrini həyata keçirməyə davam edir, iqtisadi artıma töhfə verir və qayıdan sakinlər üçün rahat şərait yaradır. Qarabağın elektrik şəbəkəsinin bərpası sadəcə texniki bir işdən daha çox şeydir. Bu, bölgənin gələcəyinə, onun sabitliyinə və çiçəklənməsinə bir sərmayədir.
Qarabağın və Şərqi Zəngəzurun elektrikləşdirilməsində heç şübhəsiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin strateji layihələrinə uyğun olaraq son 5 ildə bu bölgədə inşa edilən elektrik stansiyaları barədə söz açmamaq qəbahət olardı. Çünki Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuq prinsiplərinə, xalis sıfır emissiyalı “Yaşıl Enerji Zonası” Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün çox mühüm nəticələr verir. Yeni geosiyasi reallıqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonaları” kimi inkişafına regional miqyas və strateji məzmun qazandıraraq, onların istehsal və ixrac mərkəzlərinə çevrilməsi prosesini daha da aktuallaşdırır.
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 5 il ərzində 350 MVt gücdən çox 40 dan çox su elektrik stansiyası istismara buraxılıb Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.
“Yaşıl enerji” zonasının yaradılması yalnız bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, eyni zamanda enerji keçidinin bütün komponentlərini təşviq edir. Bu çərçivədə azad edilmiş ərazilərdə 2 minə yaxın fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 6 min kVt-dan çox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3 mindən çox enerji səmərəli işıq dirəyi, 30-a yaxın elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib. Xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur. Bu tədbirlər davamlı xarakter daşıyır.
“Azərişıq” Qarabağda layihələr həyata keçirməyə davam edir və bölgənin davamlı inkişafı üçün enerji təməlini təmin edir. Naqillərlə gələn işıq sadəcə elektrik enerjisi deyil, daha böyük dəyərdir. Bu, Qarabağ tarixində yeni bir səhifənin, quruculuq və tərəqqi səhifəsinin başlanğıcıdır.

Bütün Azərbaycana sabit enerji
Amma “Azərişığ”ın fəaliyyət dairəsi təkcə Qarabağ və Zəngəzurla məhdudlaşmır. Ötən il fəaliyyətə başlamasının 10 illiyini qeyd edən şirkət bütün Azərbaycan müstəvisində – ən ucqar dağ kəndindən tutmuş ən iri sənaye şəhərlərimizə qədər elektrik enerjisi ilə təminatını, həm də sabirt təminatını təmin edir. Devizlərini də eynən belə açıqlamaq olar: “Bütün Azərbaycana sabit enerji”.
Son illərdə “Azərişıq” təkcə iri şəhərlərdə deyil, ən ucqar dağ kəndlərində və sərhəd bölgələrində də elektrik infrastrukturunu yeniləyib. Bunun nəticəsində həmin ərazilərdə yaşayan vətəndaşlar 24 saat fasiləsiz sabit elektrik enerjisi ilə təmin olunub. Müasir texnologiyaların və innovativ həllərin tətbiqi xidmət keyfiyyətini artırmaqla yanaşı, vətəndaş məmnunluğunu da yüksəldib.
Son 10 ildə görülən işlər diqqət yetirək:
“Azərişıq” ASC son on il ərzində ölkə üzrə genişmiqyaslı təmir və yenidənqurma işləri həyata keçirib:
- 20 min kilometr uzunluğunda yeni elektrik veriliş xətləri çəkilib;
- 30 min kilometrə yaxın köhnə xətlər yenilənib;
- 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib;
- 7 min yeni transformator məntəqəsi quraşdırılıb;
- 700 min köhnə sayğac yeni və daha dəqiq ölçü cihazları ilə əvəz olunub.
Son 10 ildə rəqəmsal idarəetmə mərkəzlərinin və SCADA sistemlərinin tətbiqi enerji şəbəkəsinin dayanıqlılığını və etibarlılığını artırıb. Hazırda ölkədə 34 yarımstansiya bu sistem vasitəsilə idarə olunur.
Yeri gəlmişkən ötən ay ölkədə kəskin hava şəraiti zamanı Cənub bölgəsində şahidi olduğum “Azərişıq” əməkdaşlarının fədakarlığı barədə xüsusi söz açmaq istəyirəm. Hələ 2025-ci ilin yay-payız mövsümündə xüsusilə dağlıq və dağətəyi ərazilərdə energetiklərin fəal işlədiyini, köhnə, taxta şalban dirəkləri yeni dəmir dirəklərlə əvəz etdiklərini, elektrik xətlərinin naqillərini əvəzləmələrini tez-tez şahiodi olurdum Bir gün marağımı saxlaya bilməyib yaxşı tanıdıqğım, uzun illər bu sistemdə məhsuldar və əzmkar fəaliyyətilə bölgədə ad-san sahibi olan Aydın Məmmədova üz tutdum və bu işlərin nədən belə fəal şəkildə həyata keçirildiyini soruşdum. Gülümsəyib, çox yığcam bir cavab verdi: “Qarşıda bizi sərt qış gözləyir, insanlar əvvəlki illərdə olduğu kimi işıqsız qalmasın deyə indidən ehtiyatımızı tutur, köhnə infrastrukturu kökündən dəyişirik”.
Aydın dostumun bu cavabını bir-neçə ay sonra sərt qış qapımızı kəsəndə anladım. Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaratmışdı. Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranması idi. Qar bağlayan yollarda bir neçə gün nəqliyyatın hərəkəti dayanmış, dağ kəndlərinə getmək demək olar ki, mümkün deyildi. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” əməkdaşlarına əlavə problem yaradırdı. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq qurumun ustaları, mütəxəssisləri böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gün fasiləsiz çalışdılar. Amma belə vəziyyət təkcə Lerikdə deyildi. Masallının, Lənkəranın, Yardımlının, Astaranın və Cəlilabadın dağlıq əraizlərdəki kəndləri də belə vizyyətdə idi və “Azərişıq” onların hamısında eyni fədakarlıq nümayiş etdirir, qara, borana məhəl qoymadan bir saat da olsun öz fəaliyyətlərində fasilə verməyib ən çətin yerlərdə belə elektrik xətlərini bərpa edib evləri işığsız qoymadılar. Onların bu fədakarlığı, peşələrinə olan məsuliyyəti sözün əsl mənasında indi cənubda el-el, oba-oba gəzir.
İnamla demək olar ki, “Azərişıq” ASC-nin fəaliyyətinə dair statistik göstəricilər ölkə üzrə elektrik enerjisinin paylanması və şəbəkənin modernləşdirilməsinə yönəlmişdir. Son illərdə texniki itkilər əhəmiyyətli dərəcədə azaldılaraq minimuma düşmüşdür. Şirkət həmçinin beynəlxalq səviyyədə, o cümlədən Türkdilli dövlətlər arasında peşə ustalığı yarışlarında uğurla təmsil olunur.
İndi “Azərişığ”ın abonentlərinin sayı təxminən 3 milyona çatıb. Amma enerji sektorundakı inkişaf təkcə abonent sayının artması ilə məhdudlaşmır. Son 10 il ərzində enerji yığımı göstəricisi 80 faizdən 97,6 faizə yüksəlib, texniki itkilər isə 13,9 faizdən 8,5 faizə qədər azaldılıb. Bu ilin sonuna qədər texniki itkilərin 8,3 faizə endirilməsi proqnozlaşdırılır.
Elektrik enerjisi müasir dünyanın təməlini təşkil edən gözəgörünməz, lakin hər şeyə qadir bir qüvvədir. O, evlərimizi işıqlandırır, maşınları işə salır, uzun məsafələrə məlumat ötürür və vacib infrastrukturu enerji ilə təmin edir. Lampalardan mürəkkəb istehsal proseslərinə qədər elektrik enerjisi bəşəriyyətə xidmət edən, rahatlıq və tərəqqi gətirən bir enerjidir. Ancaq onun insanlara fasiləsiz xidmətini təmin edən energetiklər, elektriklər, bir sözlə əli elektrik enerjisinin nəbzinin olan insanlar, mütəxəssislərdir. İndiki Azərbaycanda bu işin başında duran “Azərişıq” ASC də çalışan, gecəli-gündüzlü xalaqa xidmət edən energetiklərdir. Bu gün Azərbaycanda istehsal edilən enerjini insanlara, müəssisələrə, zavodlara, fabriklərə ötürülməklə texnoloji tərəqqini təmin edir və hər evə rahatlıq gətirirlər. Yanılmaram desəm ki, davamlı ictimai inkişafın açarını əlində tutan bu insanlar ən qiymətli sözlərə və təşəkkürə layiqdirlər.
Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist