Artıq iki ildir Londonda yaşayan və fəaliyyət göstərən azərbaycanlı hüquqşünas Nurlana Dünyamalıyeva hazırda Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) çalışır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hüquq üzrə bakalavr təhsilini Bakı Dövlət Universitetində, magistr təhsilini isə Kembric Universitetində alan həmsöhbətimiz müsahibəsində Böyük Britaniyada təhsil və karyera yolundan, Kembricdə oxumağın çətinlik və üstünlüklərindən, eləcə də beynəlxalq hüquq mühitində Azərbaycanı təmsil etməyin məsuliyyətindən danışıb.
- Böyük Britaniyada hüquq təhsili almaq qərarına necə gəldiniz?
- Kembric Universitetində təhsil almaq məktəb illərindən arzum olub. Böyük Britaniyanın zəngin mədəniyyəti və tarixi irsi məni hər zaman cəlb edib. Xüsusilə bu ölkənin hüquq sisteminin qlobal təsiri və akademik intellektual mühiti burada təhsil almaq istəyimi daha da gücləndirirdi. Məhz bu səbəbdən universitetlərə və təqaüd proqramlarına müraciət edərkən əsas üstünlüyü Böyük Britaniyaya verdim.
- Xaricdə, xüsusilə Kembric Universiteti kimi yüksək rəqabətin olduğu və dünyanın müxtəlif ölkələrindən istedadlı tələbələrin təhsil aldığı bir mühitdə oxumağın əsas çətinlikləri nələrdir?
- Başlanğıcda müəyyən dərəcədə özünəşübhə sindromu yaşamaq çox təbiidir. Hər kəsin istedadlı və zəhmətkeş olduğu bir mühitdə insan bəzən “buraya aidəmmi?” sualını verə bilər. Zamanla isə anlayırsan ki, istənilən mühitdə uğur ilk növbədə zəhmət, intizam və öyrənməyə həvəsdən asılıdır. Digər çətinlik temp və intensivlikdir. Oxu yükü ağırdır, gözləntilər yüksəkdir. Sizdən oxuduğunuz ədəbiyyatı hüquqi analiz etmək, arqumentləri əsaslandırmaq və daha dərindən düşünmək tələb olunur. Lakin məhz bu cür mühit insanı öz məhdudiyyətlərini aşmağı və intellektual çətinliklərdən zövq almağı öyrədir. Rəqabət güclü olsa da, mən bunu konstruktiv və sağlam rəqabət kimi qiymətləndirirəm. Belə motivasiyalı insanlarla əhatə olunmaq insanın öz standartlarını yüksəltməsinə səbəb olur.
- Kembricdə hüquq təhsili almaq sizə akademik və peşəkar baxımdan nə qazandırdı? Bu təhsil karyera yolunuzun formalaşmasında hansı həlledici rol oynadı?
- Kembricdə hüquq təhsili mənə ilk növbədə hüquqşünas kimi düşünməyi öyrətdi. Akademik baxımdan analitik təhlil qabiliyyətimi, arqument qurmaq bacarığımı və hüquqi məsələlərə daha tənqidi yanaşmağı gücləndirdi. Hüquqa sadəcə nəzəri bilik kimi deyil, daha dərin bir sistem kimi baxmağı məhz burada öyrəndim. Peşəkarlıq baxımdan isə bu təhsil mənə özünəinam qazandırdı. Beynəlxalq müzakirə mühitində fikir bildirmək, sual vermək və mövqeyini əsaslandırmaq cəsarəti verdi. Fərqli ölkələrdən olan tələbələrlə birgə təhsil almaq hadisələrə daha qlobal və çoxşaxəli prizmadan baxmağı öyrətdi. Bu təhsil karyera yolumun formalaşmasında həlledici rol oynadı, çünki məhz bu mühitdə beynəlxalq hüquq sahəsinə marağım daha da gücləndi və bu da gələcək karyera istiqamətimi müəyyənləşdirdi. Əlbəttə ki, universitetin adı müraciətlərdə rol oynayır, lakin əsas qazancım iş etikası, intizam və zəhmətin dəyərini dərk etmək oldu.
- Londonda hüquqşünas kimi fəaliyyət göstərmək üçün keçilməli mərhələlər nə dərəcədə mürəkkəbdir?
- Proses mərhələli və tələbkardır. Əgər ingilis hüququ üzrə hüquqi məsləhət verilməsi nəzərdə tutulursa, “solicitor” (müştəri ilə müraciət etdiyi, hüquqi yardım göstərən vəkil) və ya “barrister” (məhkəmə fəaliyyəti üzrə vəkil) kvalifikasiyasına malik olmaq tələb olunur. Mənim hazırkı fəaliyyətim beynəlxalq hüquqla bağlı olduğundan bu kvalifikasiya zəruri deyildi. Lakin gələcək karyera imkanlarımı genişləndirmək və şəxsi marağım baxımından imtahanlara hazırlaşaraq “solicitor” statusu əldə etdim. Bu proses test mərhələsi və yazılı-şifahi praktiki sessiyalardan ibarətdir, həmçinin hüquqi iş təcrübəsi tələbi də mövcuddur. Ümumilikdə isə işəgötürənlər üçün əsas meyar öyrənməyə açıqlıq, iş etikası, zəhmətkeşlik və fundamental hüquqi bacarıqlardır.
- Siz yaxın zamanda Hüquq Cəmiyyətinə (Law Society) üzv olmusunuz. Bu üzvlük nəyi ifadə edir və peşəkar fəaliyyətiniz, eləcə də gələcək planlarınız baxımından hansı imkanlar yaradır?
- Hüquq Cəmiyyətinə üzvlük Birləşmiş Krallıqda “solicitor” kvalifikasiyasına malik hüquqşünasların peşəkar birliyinə daxil olmaq deməkdir. Bu üzvlük müəyyən hüquqi çərçivədə Birləşmiş Krallıq hüququ üzrə məsləhət vermək səlahiyyətini ifadə edir və peşəkar tanınma baxımından əhəmiyyətlidir. Burada kvalifikasiya həm yazılı, həm də şifahi mərhələləri olan peşə imtahanları vasitəsilə əldə olunur və hüquqşünasın həm nəzəri, həm praktik bacarıqlarını ölçür.
- Azərbaycanlı hüquqşünas kimi beynəlxalq hüquq mühitində təmsil olunmağı necə dəyərləndirirsiniz?
- Beynəlxalq hüquq mühitində Azərbaycanı təmsil edən çox bacarıqlı və hörmət etdiyim hüquqşünaslar var və onlardan biri olmaq qürurvericidir. Bununla yanaşı, bunu böyük məsuliyyət kimi də qiymətləndirirəm. Düşünürəm ki, belə nümunələrin mövcudluğu gənc hüquqşünaslara bu yolların açıq olduğunu göstərir, onlara özünəinam verir və stereotiplərin qırılmasına töhfə verir. Bu mənada təmsilçilik şəxsi nailiyyətdən daha geniş bir missiya daşıyır.
- Xaricdə hüquq təhsili almaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?
- İlk növbədə maraq sahələrini aydın müəyyənləşdirməyi tövsiyə edərdim. Xaricdə magistr təhsili alan şəxslər adətən müəyyən təcrübəyə malik olur və istiqamətlərini əvvəlcədən formalaşdırırlar. Buna görə seçim yalnız nüfuza deyil, şəxsi maraq və uzunmüddətli hədəflərə əsaslanmalıdır. Xaricdə təhsil daha çox müstəqillik tələb edir və öyrənmə prosesi böyük ölçüdə tələbənin öz məsuliyyəti üzərində qurulur. Uğur universitetdən daha çox, tələbənin təqdim olunan imkanlardan necə istifadə etməsindən asılı olur. Və ən əsası öz kimliyimizi qorumaqdır. Məhz bu fərqliliyimiz bizi unikal və güclü edir.
- Gələcəkdə hüquq sahəsində hansı istiqamətlərdə özünüzü daha da inkişaf etdirməyi planlaşdırırsınız?
- Gələcəkdə beynəlxalq təşkilatlar hüququ sahəsində daha da ixtisaslaşmağı planlaşdırıram. Elmi tədqiqat və nəşrlər üzərində işləmək, eyni zamanda, Hüquq Cəmiyyətinin fəaliyyəti çərçivəsində daha aktiv iştirak etmək istəyirəm. Bununla yanaşı, beynəlxalq hüquq ictimaiyyəti ilə əlaqələrimi genişləndirmək, şəbəkələşmə imkanlarından yararlanmaq və təcrübə mübadiləsi aparmaq da prioritetlərim sırasındadır.