TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir - FOTOLAR

21 Fevral 2026 16:24 (UTC+04:00)

TÜRKPA Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətinin ATƏT PA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 25-ci qış sessiyasının ikinci günündə iştirakı davam edir.

SİA xəbər verir ki, plenar sessiya çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən ATƏT PA-nın Baş katibi Roberto Montella və ATƏT PA-nın Prezidenti Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.

TÜRKPA nümayəndə heyəti Baş katib Ramil Həsənin rəhbərliyi altında Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov daxil olmaqla qış sessiyasının iştirakçılarının şərəfinə Avstriya Milli Şurasının Prezidenti Dr. Volter Rozenkranz tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.