"Regionda dayanıqlı sülh yalnız praktik addımlarla mümkün olacaq" - ŞƏRH EDİLDİ

20 Fevral 2026 15:19 (UTC+04:00)

"Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclası və bu platformada Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin xüsusi vurğulanması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisi kimi qiymətləndirilə bilər. Bu hadisə təkcə iki ölkə arasında münasibətlərin normallaşması kontekstində deyil, həm də regionun böyük güclər arasında artan strateji əhəmiyyəti baxımından diqqətlə təhlil olunmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, son illər Cənubi Qafqaz qlobal güclərin maraq dairəsində olan mühüm geosiyasi məkanlardan birinə çevrilib: "Enerji layihələri, nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhlizin inkişafı və regionun Avropa ilə Asiya arasında alternativ logistika xətti kimi əhəmiyyəti bu marağı daha da artırır. ABŞ-ın sülh prosesinə siyasi dəstək verməsi regionda sabitliyin təmin olunmasının yalnız təhlükəsizlik deyil, həm də iqtisadi və strateji baxımdan vacib olduğunu göstərir. Vaşinqton platformasında Azərbaycan-Ermənistan münasibətlərinin sülh kontekstində təqdim edilməsi beynəlxalq legitimlik baxımından mühüm addım hesab oluna bilər. Bu, Azərbaycanın münaqişədən sonrakı dövrdə irəli sürdüyü sülh gündəliyinin qlobal siyasi dairələrdə müsbət qarşılandığını göstərir. Eyni zamanda, Ermənistan üçün də regional əməkdaşlıq və iqtisadi inteqrasiya imkanlarının genişlənməsi baxımından yeni perspektivlər açır. Bununla yanaşı, prosesə yalnız optimist prizmasından yanaşmaq kifayət deyil. Regionda maraqları olan digər aktorların – xüsusilə Rusiya, Avropa İttifaqı və regional güclərin mövqeyi gələcək dinamikanı müəyyən edən əsas amillərdən biri olacaq. Böyük güclər arasında rəqabət fonunda sülh prosesinin geosiyasi təsir alətinə çevrilməsi riski də nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycan üçün əsas prioritet balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunu qorumaqdır.

Uzunmüddətli perspektivdə isə real və dayanıqlı sülh yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla – sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə mümkün olacaq. Əgər bu istiqamətlərdə praktiki nəticələr əldə olunarsa, Cənubi Qafqaz münaqişə bölgəsindən əməkdaşlıq və inkişaf məkanına çevrilə bilər. Vaşinqton görüşü regionda sülh prosesinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən mühüm siyasi siqnaldır. Lakin bu prosesin uğuru yalnız böyük güclərin siyasi iradəsindən deyil, ilk növbədə region ölkələrinin praqmatik yanaşmasından və qarşılıqlı öhdəliklərə sadiqliyindən asılı olacaq".