Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirilib

20 Fevral 2026 15:12 (UTC+04:00)

32 il əvvəl – Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan Hacıyev Qılman Surxay oğlu Bərdə rayonunda dəfn edilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, Bərdə rayonunun Kələntərli kəndində rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları kənd qəbiristanlığında dəfn edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Q.Hacıyev Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü ilin fevralında Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşmüşdü.

Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.