"İftar menyularının qiyməti sosial məsuliyyətə əsaslanmalıdır" - İQTİSADÇI AÇIQLADI

20 Fevral 2026 14:23 (UTC+04:00)

"Ramazan ayında iftar menyularının qiymətləri hər il cəmiyyətin diqqət mərkəzində olur. Bu məsələyə emosional deyil, iqtisadi əsaslarla yanaşmaq daha doğrudur. Qiymət formalaşması bir neçə əsas faktordan – ərzaq xərcləri, logistika, icarə, əməkhaqqı, kommunal xərclər və sahibkarın mənfəət marjasından asılıdır".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, Ramazan ayında tələbat əhəmiyyətli dərəcədə artır: "Restoran və ictimai iaşə obyektlərində iftar süfrələrinə maraq yüksəlir, bu da bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq qiymətlərə təzyiq yaradır. Lakin artım süni şəkildə şişirdilməməlidir. Əgər menyunun maya dəyərində ciddi dəyişiklik yoxdursa, qiymətlərin kəskin bahalaşması iqtisadi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Ortalama hesabla, standart bir iftar menyusunun tərkibinə şorba, əsas yemək, salat, içki və şirniyyat daxildir. Bu məhsulların topdansatış bazar qiymətləri nəzərə alındıqda, bir nəfərlik menyunun maya dəyəri obyektin səviyyəsindən asılı olaraq dəyişir. Kütləvi xidmət göstərən, sadə formatlı məkanlarda qiymətlər daha münasib olmalıdır. Orta seqment restoranlarda isə xidmət keyfiyyəti, məkanın yerləşməsi və əlavə xidmətlər qiymətə təsir edir.

İqtisadi baxımdan sosial həssas dövrdə – xüsusilə də Ramazan kimi paylaşma və həmrəylik ayı zamanı – sahibkarların balanslı qiymət siyasəti yürütməsi tövsiyə olunur. Çünki qısamüddətli yüksək qazanc əldə etmək istəyi uzunmüddətli müştəri etibarına zərər vura bilər. Bazarın sağlam işləməsi üçün həm rəqabət mühiti qorunmalı, həm də istehlakçıların alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Bundan əlavə, inflyasiya faktoru da qiymət formalaşmasında mühüm rol oynayır. Əgər ümumi ərzaq inflyasiyası artıbsa, bu, menyuların qiymətində müəyyən faiz artımı ilə əks oluna bilər. Lakin bu artım real xərclərlə proporsional olmalıdır. Dövlət qurumları isə süni qiymət artımının və haqsız rəqabətin qarşısını almaq üçün monitorinq mexanizmlərini gücləndirməlidir. İftar menyularının qiyməti həm sahibkarın xərclərini ödəməli, həm də vətəndaşın büdcəsinə uyğun olmalıdır. Optimal qiymət siyasəti həm sosial məsuliyyət, həm də iqtisadi dayanıqlılıq baxımından vacibdir".