"Yeniyetmələrdə artan aqressiya məsələsi son illərdə həm valideynləri, həm müəllimləri, həm də cəmiyyəti ciddi şəkildə narahat edir. Bu prosesi yalnız bir faktorla – nə təkcə valideynlərlə, nə də təkcə sosial media ilə – izah etmək düzgün olmaz. Aqressiya çoxsəbəbli psixoloji və sosial hadisədir və onun formalaşmasında bioloji, ailəvi, sosial və texnoloji amillər birgə rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, yeniyetməlik dövrünün özünün psixoloji xüsusiyyətlərini nəzərə almaq lazımdır: "Bu mərhələ şəxsiyyətin formalaşdığı, emosiyaların kəskin yaşandığı, kimlik axtarışının getdiyi bir dövrdür. Hormonal dəyişikliklər, özünü təsdiq ehtiyacı, həmyaşıdlar arasında qəbul olunmaq istəyi aqressiv davranış riskini artırır. Əgər yeniyetmə özünü dəyərli və eşidilən hiss etmirsə, daxili gərginlik çox zaman aqressiya formasında üzə çıxır. Valideyn faktoruna gəldikdə isə, ailə mühiti həlledici rol oynayır. Uşaq ilk davranış modellərini ailədə görür. Evdə tez-tez mübahisə, zorakı ünsiyyət, emosional soyuqluq və ya həddindən artıq nəzarət varsa, yeniyetmə bunu norma kimi qəbul edə bilər. Digər tərəfdən, tam laqeyd münasibət də risklidir. Nəzarətsiz, emosional dəstəkdən məhrum olan yeniyetmə öz davranışlarını tənzimləməkdə çətinlik çəkir. Valideynlərin övladla açıq ünsiyyət qurmaması, onu dinləməməsi və daim tənqid etməsi aqressiyanı gücləndirə bilər. Sosial media isə bu prosesdə katalizator rolunu oynayır. Aqressiv kontent, zorakılığı normallaşdıran videolar, kibertəzyiq (cyberbullying), müqayisə mədəniyyəti yeniyetmənin psixikasına ciddi təsir göstərir. Sosial şəbəkələrdə “güc”, “dominantlıq”, “sərtlik” bəzən müsbət keyfiyyət kimi təqdim olunur. Bundan əlavə, bəyənilmə və izlənilmə ehtiyacı yeniyetməni daha radikal və diqqətçəkən davranışlara sövq edə bilər. Ancaq unutmaq olmaz ki, sosial media təkbaşına aqressiya yaratmır; o, mövcud boşluqları və zəiflikləri dərinləşdirir.
Burada məktəb mühiti və cəmiyyətin ümumi psixoloji iqlimi də nəzərə alınmalıdır. Akademik təzyiq, rəqabət, sosial ədalətsizlik hissi, iqtisadi çətinliklər ailədaxili gərginliyi artıraraq dolayısı ilə yeniyetməyə təsir edir. Yeniyetmə özünü təhlükəsiz və qəbul olunmuş hiss etmədikdə, aqressiya müdafiə mexanizmi kimi ortaya çıxır. Məsuliyyəti bölüşdürmək daha doğru yanaşmadır. Valideynlər övladlarına emosional təhlükəsizlik zonası yaratmalı, sosial mediadan istifadəyə sağlam sərhədlər qoymalı, eyni zamanda öz davranışları ilə nümunə olmalıdırlar. Sosial media platformaları isə zərərli məzmunun yayılmasına nəzarəti gücləndirməli və maarifləndirici kontentləri təşviq etməlidir. Ən əsası isə yeniyetmələrə emosional intellekt, konfliktlərin sülh yolu ilə həlli və özünüifadə bacarıqları öyrədilməlidir. Yeniyetmələrdə artan aqressiyanın “günahkarını” axtarmaq əvəzinə, problemi sistemli və kompleks yanaşma ilə həll etməyə çalışmaq daha effektivdir. Aqressiya çox zaman eşidilməyən duyğuların, qarşılanmayan ehtiyacların və idarə olunmayan emosiyaların səsidir".